AZAL  “Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalının RƏSMİ TƏRƏFDAŞI OLDU
    • 24-06-2019, 11:58
    • 1 082

AZAL “Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalının RƏSMİ TƏRƏFDAŞI OLDU

İyunun 20-də "Azərbaycan Hava Yolları" QSC ilə “Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi arasında rəsmi tərəfdaşlığa dair saziş imzalanıb.

News24.az xəbər verir ki, razılığa əsasən, Azərbaycan Hava Yolları aviaşirkəti “Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi hava daşıyıcısı olub.  
Saziş “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov və Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimov tərəfindən imzalanıb.

Azad Rəhimov  böyük nüfuza və güvənə sahib olan "Azərbaycan Hava Yolları" QSC-nin “Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi tərəfdaşı olmasının böyük önəm kəsb etdiyini vurğulayaraq, deyib: “Azərbaycan ilə tanışlıq buraya gələn qonaqların təyyarəyə mindikləri anda başlayır. Biz idmançıların, texniki heyyətin və onları dəstəkləmək üçün ölkəmizə gələn qonaqların vətənimiz haqda ilk təəssüratlarının çox xoş olmasını istəyirik. Bunun üçün ən vacib məsələlərdən biri də təhlükəsizlikdir. Biz AZAL-ın bu məsuliyyətli işin öhdəsindən layiqincə gələcəyinə və öz xidmətlərini ölkəmizin qonaqlarına ən yüksək səviyyədə təqdim edəcəyinə əminik”.

AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib ki, son illərdə Azərbaycan mötəbər beynəlxalq tədbirlərə, o cümlədən nüfuzlu idman yarışlarına, festivallara yüksək səviyyədə ev sahibliyi edir. “Azərbaycanın milli aviadaşıyıcısı olaraq “Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi hava daşıyıcısı olmaqdan böyük məmnunluq duyuruq. Artıq aviaşirkətimiz irimiqyaslı beynəlxalq tədbirlərin, o cümlədən İlk Avropa Oyunları, Formula 1, İslam Həmrəyliyi Oyunları, UEFA Avropa Liqasının Finalı və s. kimi idman tədbirlərinin keçirilməsində geniş təcrübəyə malikdir. Əminik ki, “Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalı zamanı ölkəmizə gələn bütün qonaqlar AZAL-ın ən yüksək səviyyədə xidmət səviyyəsindən məmnun qalacaq.

Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.