Sumqayıt-Yalama dəmir yolu xəttində yenidənqurulma işləri niyə yubanır?
    • 17-10-2024, 17:33
    • 291

Sumqayıt-Yalama dəmir yolu xəttində yenidənqurulma işləri niyə yubanır?

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin önəmli tərkib hissəsi olan Sumqayıt-Yalama dəmir yolu xəttində yenidənqurulma işləri davam edir. Ötən ilin iyununda Sumqayıt-Yalama dəmir yolu xəttində yenidənqurma işlərinin 53 %-i tamamlanmışdı və həmin zamanda bildirilmişdi ki, yenidənqurma işlərinin 2024-cü ilin sonuna başa çatdırılması planlaşdırılıb. Lakin ilin sonuna az vaxt qalıb və  yenidənqurulma işlərinin yekunlaşması istiqamətində xeyli işin qaldığı barədə məlumatlar əldə etmişik. 

Mövzu ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-yə sorğu ünvanladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Sənubər Nəzərova Sumqayıt-Yalama dəmir yolu xəttində aparılan yenidənqurma işlərinin gələn il yekunlaşdırılmasını planlaşdırılıldığını qeyd edib: “Sorğunuza cavab olaraq bildiririk ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas seqmentlərindən olan Sumqayıt-Yalama dəmir yolu xəttində aparılan yenidənqurma işlərinin gələn il yekunlaşdırılması planlaşdırılır. Qeyd edək ki, iki xətli dəmir yolunda yenidənqurma işləri mərhələli şəkildə həyata keçirilir və bu zaman logistika və daşıma əməliyyatları bir xətt üzrə yerinə yetirilir. Əməliyyatların fasiləsizliyinin təmin edilməsi məqsədilə iki xətdən biri üzrə yenidənqurma işləri aparılarkən digər xətt işlək vəziyyətdə saxlanılır”,- deyə o bildirib. 

Qeyd edək ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi əsasən Hindistandan və İran Körfəzi regionundan, yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb. Şimal-Cənub Tranzit Dəhlizinin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Əgər dəniz yolu ilə daşıma İran körfəzi və Hind Okeanı, Süveyş kanalı, Aralıq Dənizi, Baltik Dənizindən keçərək Helsinki şəhərinə 45-60 gün ərzində daşıma müddəti təşkil edirsə, Şimal-Cənub Tranzit Dəhlizi ilə bu müddət 20-25 gün təşkil edir.

Ağa