-
- 20-10-2024, 12:56
- 1 964
300 manatlıq toylarla bağlı İNANILMAZ FAKTLAR
Son illərdə toy menyularının bir nəfər üçün 150, 200, 250, 300, 500 və s. qiymətə olması ictimaiyyətdə narazılığa səbəb olur. Bir çox hallarda isə istər toy sahibləri, istərsə də qonaqlar bahalı menyuların qiymətlə uyğun gəlmədiyini, yeməklərin isə standart ucuz toy menyudakı kimi olduğunu vurğulayır. Nəzərə alınsa ki, musiqi, video, foto, parkinq və s. xidmətlər menyuya daxil deyil, o zaman məlum olacaq ki, bu tarif ən az 3-4 dəfə şişirdilib.
Bəs bu şişirtmənin, soyğunçuluğun qarşısı niyə alınmır?
Globalinfo.az-a danışan müstəqil ekspert Əlabbas Məhərrəmovun fikrincə, bunun qarşısı alına bilməz.
O deyib ki, bu, bazar iqtisadiyyatı və özəl sahədir:
“Adam öz malını bu qiymətə satır. Əgər buna tələbat varsa, onun alıcısı çoxdursa, kim bunun qarşısını alar? Gəlin, açıq danışaq. Nadir hallarda 250 manatdan yuxarı menyu olur. Toy sahibləri bəzən bəyin evinə göndərilən xonçanın da pulunu menyu qiymətinin üzərinə gəlirlər. Sonra deyirlər ki, menyuya 500 manat xərcimiz çıxdı. Amma standart olaraq ən yüksək menyu 250-dən çox maksimum 300 manata kimi olur. Onların isə xüsusi öz menyuları olur. Bilirsiniz ki, balıq və balıq məhsulları çox bahadır. Onlar xüsusi keyfiyyətdə olur. Daha sonra istər alkoqollu, istər alkoqolsuz içkilərin orijinalı var ki, xarici içkilərdir və bahalı olur”.
Ekspert bildirib ki, bahalı restoranlarda dekor, çəkiliş, musiqi menyuya daxil edilmir:
“Əvvəllər 30-35 manat olan menyular indi 60-70 manata yüksəlib. Bu qiymətdə olan menyularda hər şey daxil olur. Bu da onların keyfiyyətindən asılıdır. Amma 60 manatla 150 manatlıq menyu eyni deyil. Çoxu deyir ki, bir insan 300 manatlıq nə yeyə bilər ki? Bilməlidirlər ki, 300 manat onun masasında olan yeməklə əlaqəli deyil. Orada boşqabın, çəngəlin və s. pulu da hesablanır. Məsələn, boşqab var ki, iki manatdır, boşqab da var 75 manatadır. Hətta elə restoran var ki, ofisiantdan yemək qoxusu gəlməsin deyə, təkcə ətiri üçün 100 manat pul xərcləyir. Bunların hər biri şərtdir. Onlar da bu təbəqə üçün xidmət göstərir. Azərbaycanda hamı kasıb deyil axı, imkanlı olanlar da var. Yuxarı təbəqə həmin bahalı menyudan istifadə edir. Razıyam, menyular ümumilikdə bahadır. Amma bir şeyi nəzərə alaq ki, buna tələbat var. Əgər tələbat olmasa, bunların hamısını sıradan çıxararlar”.
İqtisadçı Elçin Qurbanovun fikrincə, məsələyə maddi və mənəvi aspektdən yanaşmaq lazımdır:
“Bu problemlərin kökündə dayanan cəmiyyətin mənəvi və psixoloji təşkilidir. Demək olar ki, bununla bağlı ölkədə iş aparılmır. Müdriklərin yaxşı bir sözü var – dövlət xalqın tərbiyəsi ilə məşğul olmalıdır. Məsələn, media, ədəbiyyat, teatr, mədəniyyət və s. bunların hamısı tərbiyə formasıdır, xalqın psixoloji-mənəvi təşkili deməkdir. Bu gün KİV nə ilə məşğuldur? Dəbdəbəli həyatın reklamı ilə. Bunu da cəmiyyətə elə təqdim edirlər, sanki o şəxslər bir nömrəli şəxsiyyətlərin həyatını yaşayırlar. Ona görə də, belə olur. Cəmiyyət psixoloji və mənəvi, zehniyyət cəhətdən məhv olur. Hər kəs gedir, bahalı toy təşkil edir ki, buna xüsusi diqqət olsun, özünü camaata göstərsin, ətrafa da desin ki, mən belə toy etdim. Sadə yaşamaq, insanlarla sadə münasibət qurmaq, cəmiyyətdə daha çox sevilmək əvəzinə, adamlardan qaçmağa çalışırlar. Cəmiyyət belə mənəvi cəhətdən məhv olur. Münasibətlər soyuyur, qohumlar-qonşular arasında bir-birinə maraqlar çərçivəsində baxırlar. Dövlət buna təsir göstərəcək məsələlərdə diqqətli olmalıdır. Elə etmək lazımdır ki, pul və vətəndaş münasibətləri mənəvi cəhətdən təşkil edilsin”.
İqtisadçının sözlərinə görə, şadlıq evlərinin əksəriyyəti mülkiyyətçi tərəfindən istifadə olunmur:
“Restoranların çoxu icarəyə götürülüb. Daha dəbdəbəli, geniş, məşhur obyektlər yüksək qiymətə icarəyə verilir. Oranı işlədənlər isə icarə haqqı, vergi ödəyirlər və s. Razıyam, qiymətlər şişirdilib. Amma burada icarə haqları böyük rol oynayır. Həm də insanlar dəbdəbəli yerlərdə özləri süni şəkildə qiymətə təsir göstərirlər. Daha dəbdəbəli yerlərə üstünlük verəndə əlbəttə ki, orada qiymət artıq olacaq. Gərək, vətəndaşlar şəxsən bu məsələni nəzərə alsınlar. Çünki süni şəkildə bahalaşmaya təsir göstərən onların düşüncə tərzidir”.