Kərə yağı niyə əlçatmaz məhsula çevrilir?
    • 25-10-2024, 02:20
    • 966

Kərə yağı niyə əlçatmaz məhsula çevrilir?


Bu ilin ilk 9 ayı ərzində Azərbaycana xarici ölkələrdən 22 min 204,7 ton kərə yağı idxal olunub.

Yerli mətbuatda yayılan məlumatlara görə, idxal olunan kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 5,6 dollar (9,5 manat) olub. Bildirək ki, bu il idxal olunan kərə yağlarının 1 kiloqramının orta qiyməti ölkənin pərakəndə ticarət şəbəkələrində 20-22 manat arası olub. Xatırladaq ki, ötən ilin eyni dövrü ilə müqayisədə xaricdən gətirilən kərə yağının gömrük dəyərində ciddi dəyişiklik olmayıb. Keçən ilin ilk 9 ayında idxal olunan kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 5,5 dollar (9,4 manat) olub.

Məhz son bir ildə idxal olunan kərə yaxının gömrük dəyərində cəmi 1% artım olub. Qeyd edək ki, ötən bir ildə idxal olunan kərə yağlarının pərakəndə ticarət şəbəkələrindəki orta satış qiyməti 6 %-dan çox artıb.

Maraqlıdır, kərə yağının mağazalarda bu qədər baha olması onunun maya dəyərinə uyğundur?

Məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev “Cebheinfo.az”-a açıqlamasında deyib ki, mağazalarda kərə yağının baha olmasına səbəb məhz sağlam rəqabət mühitinin formalaşmamasıdır:

“Ölkəmizə bütün məhsullar sahibkarlar tərəfindən gətirilir. Oradan da topdansatış və pərakəndəsatış məntəqələrinə göndərilir. Onlar da istədikləri qiymətə məhsulu istehlakçılara təklif edirlər. Bu səbəbdən də daxili bazarda qiymət artmına səbəb olub. Sadəcə, bu sahədə bir nəzarət olmalıdır ki, qiymətlər monopolist səbəblərdən ya da yaranmış vəziyyətdən sui-istifadə səbəbindən artmasın”.

O qeyd edib ki, Azərbaycanda süd və süd məhsullarının qiymətlərində bahalaşma müşahidə edilir:

“Azərbaycanda yerli istehsalın olmasına baxmayaraq, bir çox istehsalçılar xammalı xaricdən gətirir. Kərə yağı ölkəmiz əsasən Belarus, İran, Yeni Zelandiya və digər ölkələrdən gətirilir. Bildirim ki, bu gün ölkəmizdəki iribuynuzlu və xırdabuynuzlu heyvanlar süd tələbatımızı ödəyəcək sayda deyil. Onsuz da iqlim dəyişmələri, otlaq sahələrinin azalması fermerlərin xərclərini artırıb. Hazırda daxili bazarda yerli süd və süd məhsullarının qiymətləri bahadır. İdxal qiymətləri yüksəldikcə bazarda həm idxal, həm də yerli kərə yağının qiyməti artır”.