Rəsmən bəyan edildi - İki qitənin müharibəsi başladı
    • 26-10-2024, 09:35
    • 382

Rəsmən bəyan edildi - İki qitənin müharibəsi başladı

Politoloq Natiq Miri Rusiya-Ukrayna müharibəsi ətrafındakı son gəlişmələrlə bağlı teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya qüvvələrinin Ukraynada döyüşdüklərini təsdiqlədi. Söhbət Rusiyaya göndərilmiş 12 minlik qüvvədən gedir. Qərbin buna reaksiyası necə olacaq, cəbhə yeni oyunçuların da Ukrayna tərəfindən savaşa girməsilə genişlənə bilərmi? Artıq sükutu pozan Cənubi Koreya da Kiyevi silahlandıracağını açıqlayıb.

- Əlbəttə, bu, artıq Putinin də etirafı ilə rəsmi olaraq presedent yaratdı. Yəni Rusiyanın müttəfiq saydığı bir ölkə Ukraynada döyüşmək üçün öz ordusunu ona köməyə göndərib. Bu, rəsmi olaraq üçüncü bir dövlətin müharibəyə girməsi deməkdir. Bu, digər dövlətlərin müharibəyə yolunu açdı.

Artıq Rusiya bundan sonra niyə ABŞ, Avropa Birliyi və digər Qərb dövlətlərinin niyə müharibəyə müdaxilə etdikləri barədə təhdid edə bilməz. Putin dünənə qədər nüvə silahı ilə hədələyirdisə, artıq bu arqument zərərsizləşdirildi. Çünki ilk olaraq rəsmi şəkildə müharibəyə müdaxilə Rusiyadan gəldi. Bu, xoşagəlməz bir presedent yaratdı. Bu, həm də Cənubi Koreyaya ciddi şəkildə müharibədə iştirakına imkan verdi. Söhbət Ukraynada silah-sursat yardımı və hərbi məsləhətçilərin göndərilməsindən gedir.

Rusiyanın bu addımı NATO və Qərb dövlətlərinin də Ukraynaya yolunu açdı. Bu, NATO və Qərbin bəhanələrini də zərərsizləşdirdi.

Dünənədək kənar müdaxilələrin dünya müharibəsi və Rusiyanın nüvə silahından istifadəsinə zəmin yaradacağı iddiası irəli sürülürdüsə, artıq bunlara yer qalmadı. Bu o deməkdir ki, Ukrayna bundan sonra onun istədiyi kimi təchiz ediləcək, istədiyi konkret silahlar veriləcək.

Bundan başqa, Rusiyanın dərinliklərinə Qərb silahları ilə zərbələrin endirilməsinə icazənin verilməsi məsələsi də var. Bu icazə veriləcək. Qərb bir bəhanə ilə bundan yayınırdı, amma artıq yayına bilməyəcək.

Qənaətimə görə, Şimali Koreyanın savaşa girməsi ilə vəziyyət kəskin şəkildə dəyişmək üzrədir. Əslində, bu, Rusiyanın çətin durumda olmasını sübut elədi.

Rusiya böyük səhvə yol verdi. Qərb bundan bir fürsət kimi istifadə eləsə, Rusiya çıxılmaz dalana girəcək. Əgər Qərb bu fürsətdən yararlanıb adekvat addımlar atsa, yaxın aylarda Rusiyanı sülh danışıqlarına məcbur etmək olar.

- Ümumiyyətlə, Şimali Koreya niyə ona aid olmayan bir meydanda döyüşə girdi, yaxud Rusiya nədən buna getdi?

- Rusiya vəziyyəti ağır olduğu üçün bu yolu seçdi. Yəni gücü görünən kimi deyil. Demək, Rusiyanın həm təchizat, həm də canlı qüvvə baxımından durumu o qədər kritikdir ki, buna getməyə məcbur oldu. Şimali Koreya ilə bu həddə yaxınlaşma Rusiyanın Qərbə bütün qapılarını bağladı. Rusiya bunu bilir, əgər bildiyi halda buna gedibsə, demək, ciddi şəkildə möhtacdır.

Digər strateji tərəfdaşı Çin Rusiya üçün Şimali Koreya rolunda olmaq istəmir. Çin hegemon gücdür və bütün istiqamətlər üzrə öz maraqlarını qorumaq iqtidarındadır. Amma Şimali Koreya izolyasiya olunmuş bir ölkədir. Belə bir vəziyyətdə Moskva ilə müttəfiqlik Pxenyana hava-su kimi lazımdır. Bu müttəfiqlik Şimali Koreya üçün dünyaya çıxış deməkdir. Əlbəttə, Rusiya kimi bir böyük və nüvə gücü ilə müttəfiqlik Şimali Koreyanın maraqları çərçivəsindədir.

- Rusiya-Ukrayna müharibəsinin sonunu necə proqnozlaşdırırsınız? Qərb mediası Ukraynanın işğal edilmiş ərazilərdən imtina ilə NATO-ya üzvlüyü məsələsini gündəmə gətirib. Prezident Vladimir Zelenski bunu istisna eləsə də, belə bir maraqlı fikir də səsləndirdi ki, qərarı Ukrayna xalqı verəcək. Bu mesajın izahı nədir, Qərb mediasının bu iddianı gündəmə gətirməsi nədən xəbər verir?

- Bu o deməkdir ki, Ukrayna xalqının razı olmadığı qərarı heç bir dövlət başçısı verə bilməz. Əgər xalqın maraqları əleyhinə qeyri-populyar qərarlar qəbul edilərsə, Zelenski əvvəl ordu, sonra xalqı qarşısında görəcək. Zelenski bunu çox yaxşı bilir. Buna görə də, Ukrayna cəmiyyətini önə çəkir.

Bu günə qədər dirənən, döyüşən, ölən, yurd-yuvasını tərk edən və şəhərləri dağıdılan Ukrayna xalqıdır, Qərb şəhərləri yox. Buna görə də, Zelenski xalqı önə çəkərək bunun qarşısını alır.

Şimali Koreyanın müdaxiləsi ilə heç bir bəhanəsi qalmayan Qərb yaxın zamanda Ukraynanı istədikləri ilə təmin eləməsə, bu, Qərbin Rusiya, Şimali Koreya və Çin kimi despotik rejimlərə məğlubiyyəti demək olacaq. Bunan ABŞ da, Avropa Birliyi də itirəcək. Bu, təkcə nüfuz itkisi yox, həm də hərbi məğlubiyyət demək olacaq.

İndi Qərb ya məğlubiyyətini etiraf etməli, ya da qısa müddətdə Ukraynanın uğur qazanması və ya Rusiyanın sülh masasında oturmasına imkan yaradacaq addımlar atmalıdır. Əks halda, baş verənlər Qərbin “günəş”ini söndürəcək. Artıq Qərb öz intibah dövrünü başa çatdırıb, sürətlə tənəzzülə doğru gedir. Bəlkə də parçalanmanın astanasındadır.

Qərbin çöküşü fonunda BRİKS kimi bir güc mərkəzi yaranır. BRİKS-in potensialı və perspektivini nəzərə alsaq, bu mübarizədə Qərb uduzacaq. Amma hələlik Qərbin güc və nüfuzu var, qərarı da o verəcək, nəticəni də o müəyyən edəcək.