-
- 28-10-2024, 20:13
- 461
Bu şəxslər nikaha daxil ola bilməyəcək? - YENİ TƏKLİF
Narkotikdən istifadə edən gənclərin sayı çoxaldıqca yeni bir tələb daha çox gündəmə gəlir. Belə ki, bir sıra şəxslər nikahdan öncə qan analizi verildiyi kimi, narkotestdən də keçməyi təklif edirlər. Bəziləri isə sözügedən təklifin tərəflər arasında narazılığa səbəb olacağını və qeyri-etik olduğunu iddia edirlər.
News24.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən hüquqşünas, mediator Fərhad Mehdiyev təklifi belə dəyərləndirib:
“Buna qərar vermək qanunvericinin əlindədir. Yəni bununla bağlı Milli Məclis qərar qəbul etməlidir ki, belə bir şey olsun. Amma bunun etik olub-olmadığını demək məncə, tezdir. İnsanlar bir-birinin alkoqol istifadəçisi, yaxud narkoman olduğunu bilib buna baxmayaraq, nikaha daxil olurlarsa, burada zatən problem yoxdur. Onlar testdən keçsə də, nə cavab çıxacağını bilirlər. O başqa məsələ ki, hər narkotest insanın hansı maddədən istifadə etdiyini göstərmir. İnsan uzun müddətli narkotik aludəçisi olmalıdır ki, bu, analizdə özünü büruzə versin. Ayda bir dəfə narkotikdən istifadə edən şəxsin testində həmin məqamın ortaya çıxacağına mən inanmıram. Lakin bir insan narkotikdən istifadə etdiyini gizlədirsə, narkotestdən keçməsini tələb etməkdən daha qeyri-etik hərəkət sayılır. Bir məsələyə də toxunmaq lazımdır ki, tərəflərin çoxu bu barədə danışmırlar. Hər kəs özünü yaxşı təqdim edir və qarşı tərəf nə isə hiss etmir. Bəzən şübhə yarana bilər. Yəni nişanlılıq müddəti uzun çəkəndə bir tərəf digər tərəflə görüşüb-danışanda belə bir şey müşahidə edə bilər. Ona görə mən narkotest təklifini qeyri-etik hesab etmirəm. Ancaq burada hər iki tərəfin razılığı lazımdır. Yəni hər iki tərəf buna etiraz edərsə, narkotest ləğv edilə bilər”.
Ekspert qeyd edib ki, hər iki tərəf narkotestin tətbiqinə razılıq verdiyi halda burada qeyri-etiklikdən söhbət gedə bilməz:
“Əvvəllər qarşı tərəfin narkoman olduğunu iddia edərək boşanmaq tələbini irəli sürənlərin sayı indiyə nisbətən daha çox idi. İndi isə boşanmaq çox asan bir prosesə çevrilib. İstəyən istədiyi zaman boşana bildiyi üçün çox adam qarşı tərəfə belə bir ittiham yükləmir. Ancaq narkotest yoxlanışı nikahdan öncə reallaşarsa, artıq geridə qalan şəxslər də belə bir iddianı boşanmağa əsas olaraq göstərə bilməz. Ancaq bu təbii ki, bu qərar birmənalı qarşılanmayacaq. Qiymətinin aşağı olması və tərəflərdən ən az birisinin tətbiqinə razılığı şərtilə həmin təklifin reallaşması məqsədəuyğundur”.