-
- 31-10-2023, 14:00
- 1 029
Deputatdan subay oğlanlar barədə maraqlı AÇIQLAMA
Günümüzün ən aktual problemlərindən biri gənclərin ev ala bilməməsi və məhz buna görə də ailə qurmaq istəməməsidir. Belə ki, gün keçdikcə boşanmaların sayı artdığı təqdirdə, evlənənlərin sayı aşağı düşür. Bunun isə əsas səbəblərindən biri məhz evsizlik problemidir.
News24.az xəbər verir ki, millət vəkili Razi Nurullayev Bizim.Media-ya açıqlamasında bildirib ki, gənclərin ev ala bilməməsinə görə ailə qurmaması böyük problemdir:
“Gənclər var ki, onlar məhz evləri olmadığına, yaxud ev alıb kreditlə ödəyə bilməyəcəklərinə, ya da ki aldıqları əmək haqqının ipoteka kreditini ödəməyə yetmədiyinə görə ailə qura bilmir, ümumiyyətlə, evlənməkdən yan keçirlər. Hazırda torpaq alıb ev tikmək də çox baha başa gəlir.
Əvvəllər insanlar gecəqondu tikə bilirdi. Onlar çox ucuz qiymətə torpaq alırdılar və vəzifəli şəxslər buna göz yumurdu. Bəlkə də bu, yüz minlərlə vətəndaşın ev sahibi olmasına səbəb olub. Yəni bunun müsbət tərəfini də demək lazımdır.
İndi isə artıq gecəqondular, qanunsuz ev tikmək imkanları aradan qalxıb. Milli Məclisdə də bununla bağlı qərar qəbul olundu. Qanuna görə, artıq mayın 1-dən sonra qanunsuz tikilən evlərə işıq, qaz, su çəkilməyəcək. Yəni belə olan halda qanunsuz ev tikənlər artıq dövlət tərəfindən göstərilən xidmətləri də ala bilməyəcəklər.
Qanuni ev tikmək istəyənlər üçün isə torpaq sahəsi olduqca bahadır.
Bu baxımdan mən də razıyam ki, oğlanlar və qızlar məhz bu məsələyə görə evlənməkdən imtina edirlər. İndi dünya dəyişib, oğlanlar da evli qız axtarır ki, hansı xanımın evi varsa, elə onunla evlənsin. Çünki təəssüflər olsun ki, oğlanlar qazancları ilə özlərini təmin edə bilmirlər.
Ümumilikdə isə insanların qazancı ev tikməyə və ipoteka krediti götürməyə imkan vermir. Yeganə həll yollarından biri sosial evlərdir. Lakin o da ipoteka ilə satılır. Ümumiyyətlə, ipotekanın qiyməti aşağı salınmalıdır. İpoteka kreditini və yaxud ipotekaya bənzər digər dövlət xidmətini elə etmək lazımdır ki, 500-600 manat aylıq qazancı olan vətəndaş da ayda 150-200 manat ödəməklə ev sahibi ola bilsin”.