Bakıda gəlini bəzəmək neçə manata başa gəlir? - Araşdırma
    • 29-10-2024, 20:24
    • 3 497

Bakıda gəlini bəzəmək neçə manata başa gəlir? - Araşdırma

Məhərrəm və səfər aylarından sonra toy mərasimlərinin ardı-arası kəsilmir. Toy hazırlıqlarının və gəlinin gözəlliyinin ən vacib elementlərindən biri də gözəllik salonu seçimidir. Bəs doğru salonu tapmaq və münasib qiyməti ödəmək üçün nə etməliyik?

Məlumdur ki, bir çox gözəllik salonlarında gəlin bəzədilməsi adi müştəri ilə eyni olsa da, daha baha qiymətə başa gəlir. Bəs bu nədən qaynaqlanır? Nə üçün adi müştərilər ilə eyni saç və makiyajı edirəmsə, sırf gəlin olduğum üçün əlavə pul ödəməliyəm?

News24.az bildirir ki, lent.az gözəllik salonlarında gəlin paketlərinin qiymətləri barədə araşdırma edib.

Demək olar ki, hər gözəllik salonunda makiyaj ustası var. Ancaq təsəvvür etdiyiniz kimi, hər bir makiyaj mütəxəssisinin eyni bacarıq və biliklərə sahib olduğunu düşünmək düzgün deyil. Bununla yanaşı, hər bir ustanın qiymətləri də müxtəlifdir.

Gəlinlər toy günlərinə aylardır hazırlaşdıqları üçün təbii ki, hər şeyi ən xırda detalına kimi düşünürlər. Ömürlərində bir dəfə olacaq bu özəl gün üçün kifayət qədər pul xərcləməyə də razı olurlar. Məhəlləarası gözəllik salonlarında gəlin saç və makiyajının qiyməti 100-150 manat civarında olur. Prestijli yerlərdə isə bu, 200- dən başlayaraq 1500 manata qədər davam edir. Bu qiymətlərə bəzi salonlarda gəlin saç və makiyajı, həmçinin tac və aksessuar da hesablanır. Digərləri isə saç və makiyajdan başqa hər bir xidmət üçün əlavə ödəniş tələb olunur.

Əlbəttə ki, qiymətlərin yüksək olmasına müəyyən amillər təsir göstərir. İlk növbədə salonun yerləşdiyi ərazi qiymətlərin baha və ya ucuz olmasında mühüm rol oynayır. Məsələn, Ağ şəhər və 28 May ərazilərində yerləşən gözəllik salonlarında gəlin saç və makiyajının qiyməti 250-600 manat arasında dəyişir. Hətta 1400 manata gəlin bəzəyən ustalara da rast gəlmək mümkündür. Yasamal və ya Neftçilər ərazisində isə 100-200 manata gözəllik salonu tapmaq daha asandır. Bu qiymətlərə bəzi salonlarda gəlin saç və makiyajı, həmçinin tac və aksessuar da hesablanır. Digərləri isə saç və makiyajdan başqa hər bir xidmət üçün əlavə ödəniş tələb olunur.

Qiymətlərə təsir göstərən başqa bir amil isə istifadə olunan məhsullardır. Yəni, daha bahalı və brend marka məhsullar istifadə edən ustaların xidmət haqqı da yüksək olur.

Əziz gəlinlər, gözəllik salonu seçmədən öncə bütün bu nüansları nəzərə alsanız özəl gününüzdə gözəl görünəcəksiniz.