Əməkdar artist: "Qohumlar mənə yaxınlaşmağa qorxur"
    • 31-10-2024, 11:58
    • 1 083

Əməkdar artist: "Qohumlar mənə yaxınlaşmağa qorxur"

Əməkdar artist Coşqun Rəhimov "Qapqara" verilişində açıqlaması ilə diqqət çəkib.

News24.az teleqraf.com-a istinadən bildirir ki, Coşqun Rəhimov aparıcı Kamran Ağabalayevin "Əfsus ki, obrazla yaşayan aktyorlar çoxdur. Halbuki obrazın işi yalandır" sualına cavabda deyib: "Əlbəttə ki, yalandır, onlar özlərini aldadırlar. Teatr yaranandan Konstantin Stanislavski məktəbinə önəm veriblər. İşimiz obrazı hiss etmək, oynamaq və tamaşaçıya çatdırmaqdır. Biz oyunçuluqla məşğuluq və tamaşaçını aldadırıq. Ən böyük yalançı bizik, amma doğru olan yalanı ifadə etməyə çalışırıq.

Oyunçu olaraq yalançı olsaq da çatdırdığımız həqiqət olmalıdır. Ümumiyyətlə, baxır nədə özümüzü aldadırıq. Əgər sən kiminsə həyatını yaşayacaqsansa, dramatik bir tamaşada hansısa faciəvi bir vəziyyətə düşərək obrazı hiss edəcəksənsə, deməli, sən ölümün astanasındasan. Obrazı dırnaqarası yaşayanlardan söhbət gedir. Çünki insan həyatda hansısa bir faciəni yaşayırsa, toparlanmaq üçün vaxt lazımdır. Həyatınızı yaşayın, səhnə oyunçuluqdur".

Aktyor mətbuatda haqqında yayılan ölüm xəbərlərindən də danışıb: "Çalışıram ki, elə xəbərləri oxumayım. Mənə bu haqda kimlərsə məlumat verir. Səhhətimdə problem olan vaxt, 14 il əvvəl, təsəvvür etməzdim ki, mənə bu qədər dua edən, qurban kəsən tamaşaçım var. Məni Allahdan sonra həyatda qalmağımı istəyən insanların duasıdır".

Coşqun Rəhimov xərçəng xəstəliyinə qalib gələrək səhnəyə çıxmasından da söz açıb: "Əməliyyat zamanı 12-13 saat narkozda qalmışdım. Bədənimdə çoxlu yarıqlar var idi. O vəziyyətdə aşağı düşəndə xəstəxanada hamı həyəcan keçirirdi ki, mənə nəsə olacaq".

Aktyor aparıcının "Ofisiant işləmisiniz və hazırda ölkənin hamının tanıdığı birisiniz. Xarakterinizin dəyişməməsinin səbəbi nədir" sualına "Yəqin ki, həyata baxışım və həssaslığım dəyişməyə imkan varməyib. İnsan hansı halda dəyişə bilər? Pulununun çox olduğu vaxt... Yaşın üzərinə yaş gəldikcə müdrikləşmək daha gözəldir, nəinki dəyişmək. Hamı mənim xasiyyətimi bilir. Zərər verən insanı ətrafımdan uzaqlaşdırmışam. Məsafə saxlayıram. Bu yaşımdan sonra da dəyişmərəm. Tamaşaçılar, qohum-əqrəbalarım da mənə yaxınlaşamağa qorxurlar. Hansı vaxt sözü demək olar, yaxınlaşmaq olar, yoxsa olmaz... Bu bir xasiyyətdir. Hər bir insan fərdidir" - deyə, cavab verib.