Mədəniyyət Nazirliyində Hindistanın nümayəndə heyəti ilə görüş KEÇİRİLİB
    • 27-06-2019, 17:04
    • 1 238

Mədəniyyət Nazirliyində Hindistanın nümayəndə heyəti ilə görüş KEÇİRİLİB

İyunun 27də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində Nazir müavini Rafiq Bayramov ilə Hindistanın nümayəndə heyəti arasında görüş keçirildi.

Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Hindistan Respublikasındakı Səfiri Əşrəf Şıxəliyevin də qatıldığı nümayəndə heyətinə Hindistanın iri korporasiyalarını birləşdirən Global Korporativ Xidmətlər Assosiasiyası (GACS) təşkilatının rəhbərləri daxil idi.

Nazir müavini Rafiq Bayramov nümayəndə heyətini səmimi salamladıqdan sonra qədim tarixi köklərə dayanan Azərbaycanla Hindistan əlaqələrinin uğurla inkişaf etdiyi vurğulayıb, qarşılıqlı mədəni tədbirlərin və layihələrin həyata keçirilməsində hər iki ölkənin maraqlı olduğunu açıqlayıb. Bildirilib ki, Azərbaycan müxtəlif mədəniyyət elementlərini özündə birləşdirən multikultural ölkədir və bu baxımdan Hindistanla oxşar xüsusiyyətlərə malikdir. Azərbaycanda son dövrlərdə mədəniyyət və turizm sahələrində ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu islahatlardan danışan Nazir müavini, bu yeniliklərin ölkə iqtisadiyyatına və xarici ölkələrlə ikitərəfli əlaqələrin inkişafına müsbət təsirini qeyd edib.

Bununla yanaşı Nazir müavini Azərbaycanla Hindistan arasında birbaşa aviareyslərin açılmasından, özəl sektor sahəsində əlaqələrin inkişaf səviyyəsindən məmnunluğunu ifadə edərək, iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən danışıb. Xüsusilə kino industriyası üzrə Hindistanın zəngin təcrübəyə malik olması və bu sahədə iki ölkə arasında birgə maraqlı layihələrin həyata keçirilməsi əməkdaşlığın inkişafına böyük töhfə ola bilər.

Hindistanın nümayəndə heyəti Azərbaycanla mədəniyyət sahəsində birgə maraqlı layihələrin işlənilməsində maraqlı olduğunu ifadə etdi. Mədəniyyət nazirinin müavini Rafiq Bayramov əməkdaşlıq üçün geniş imkanların olduğunu və azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən lazım olduğu təqdirdə təşkilati dəstəyin göstəriləcəyini bildirib.

Görüşün sonunda qonaqlara Azərbaycan mədəniyyəti haqqında bələdçi kitablar hədiyyə edilib.