-
- 2-11-2024, 20:00
- 312
“Gəlinlə elə davranır, qızı elə minnətlə alırlar ki, sanki onu adam edirlər”
Deyirlər ki, kişi anasını nə qədər çox sevib ona hörmət etsə, xanımına qarşı da bir o qədər sadiq, qayğıkeş, ehtiramlı olur. Azərbaycan cəmiyyətində bunun tamamilə əksi müşahidə olunur. Anasına bağlı olan, onun fikirləri ilə hərəkət edən, habelə müstəqil davranışları, düşüncələri olmayan kişilərin analarının, bir növ, hakimiyyəti altına düşdüyünü, elə buna görə də arvadlarına qarşı kobud, haqsız davranışları halları var.
Vəziyyəti bu həddə qədər gətirib çıxaran nədir? Ana, oğul, yoxsa gəlinlər?
Psixoloq Samirə Bağırova problemin səbəbini “Yeni Sabah”a açıqlayıb:
“Əslində, yanlışlıq var. Kişi anasına deyil, ailəsinə, ana-ata, qardaş-bacısına bağlıdırsa, gələcəkdə öz ailəsinə münasibətdə məsuliyyətli davranacaq. Ailəyə bağlılıq bacıya, qardaşa, ata və anaya göstərilən dəyərlərlə ölçülür. Burada ailə nə ön, nə də arxa plandadır. Hər kəs öz sərhədlərini və ailə içində öz yerini bildiyi, hər kəs üzərinə düşən vəzifə borcunu yerinə yetirdiyi üçün ciddi problem yaranmır. Bəzən sağlam düşüncəyə sahib olmayan ailələrdə bu tarazlıq pozulur. Oğlunu özünə hədsiz bağlayan anaların qısqanclığı, oğulların öz ailələrinə münasibətdə məsuliyyətsizliyi gəlinləri narahat edir”.
Psixoloq qeyd edib ki, əsas problem anada görülür:
“Analar doğru oğul yetişdirməlidir. Oğul xanımından şikayət edəndə gəlinin tərəfini saxlamalıdır. Qadın birliyi isə ölkəmizdə problemdir. Əgər kişi xanımının sözünü anasına, ananın sözünü arvadına çatdırırsa, ananı ondan üstün tutduğunu hiss etdirirsə, hər sözündə-söhbətində, sirrində gəlin yad biri kimi kənarlaşdırılırsa, əlbəttə, sonda evlilik böhranla üzləşəcək. Ana oğluna qadınla, qızla münasibəti öyrətməlidir.
Gəlinin anasına hörmət olunanda, gəlin də öz qaynanasına hörmətlə yanaşacaq. Çünki qız almaq, oğluna həyat yoldaşı, yaşlıların qayğılarına qalacaq gəlin, nəvələrə ana almaqdır. Əlbəttə, qıza və qız anasına hörmətlə yanaşılmalıdır ki, əvəzini də geri ala bilsin. Yoxsa ölkəmizdə gəlinlərə elə davranır, qızı elə minnətlə alırlar ki, sanki onu adam edirlər. Hər bir qız, varlı ya kasıb, yaxşı, ya pis, öz ata evində şahzadədir. Əgər bir kişi ana ilə arvadı arasında qalırsa, deməli, sağlam kişi kimi formalaşmayıb”.