“Bakı Metropoliteni” dinin təbliği ilə bağlı tədbir keçirib
    • 28-06-2019, 09:24
    • 925

“Bakı Metropoliteni” dinin təbliği ilə bağlı tədbir keçirib

“Bakı Metropoliteni” QSC-nin və  Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə “Müasir cəmiyyət və din” mövzusunda konfrans keçirilib.

“Bakı Metropoliteni” QSC-dən News24.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan “Bakı Metropoliteni” QSC sədrinin müşaviri Mehdi Məmmədov bildirib ki, müstəqilliyini bərpa etdikdən sonra dövlət quruculuğuna başlayan Azərbaycan üçün dəyərlər sisteminin müstəsna əhəmiyyəti var. Çıxışda o da bildirilib ki, ölkəmiz müasir cəmiyyət və din  münasibətlərinin sağlam şəkildə inkişaf etdirilməsinin bariz nümunəsidir. Bu baxımdan mütəmadi olaraq metropoliten əməkdaşları üçün keçirilən seminarlar da mühüm əhəmiyyət kəsb edir.  

Tədbirdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov öz çıxışında Azərbaycanın dünyada multikultural və tolerant bir dövlət kimi tanınmasından söz açaraq bildirib ki, dinin cəmiyyət həyatında, gənclərin mənəvi-əxlaqi tərbiyəsində yeri və rolu düzgün istiqamətləndirilməlidir. 

Müstəqil Azərbaycanın banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi altında dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi dövlət-din münasibətləri sisteminin əsas prinsiplərinin tənzimlənməsində, bu sahədə qanunvericilik bazasının uğurla formalaşdırılmasında böyük və tarixi xidmətlərindən birinin də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması olduğu vurğulanıb. Dinə dövlət qayğısından da söz açan M. İsmayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərimizin yaşadılması, tarixi-dini abidələrimizin bərpası, dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsinə xüsusi diqqət ayırdığını qeyd edib.

Konfransda  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın milli-mənəvi dəyərlərimizin qorunmasına, tarixi-mədəni abidələrimizin bərpasına və tolerantlığın təşviqinə böyük önəm verməsinin ölkəmizdə müasir cəmiyyət və dini-mənəvi dəyərlərin qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsini də vurğulayıb. 

Tədbir diskussiya şəklində davam edib.