"ASAN" mərkəzlərində 20 minə yaxın gənc könüllülük fəaliyyəti göstərib" - Ülvi Mehdiyev
    • 28-06-2019, 13:15
    • 1 210

"ASAN" mərkəzlərində 20 minə yaxın gənc könüllülük fəaliyyəti göstərib" - Ülvi Mehdiyev

“ASAN Könüllüləri” Təşkilatı tərəfindən həyata keçirilən “ASAN Akademiya 2019” layihəsinin bağlanış mərasimi keçirilib.

News24.az xəbər verir ki, tədbirdən əvvəl Karyera sərgisi təşkil olunub. Sərgidə iştirakçılar üçün 10-a yaxın şirkət tərəfindən müxtəlif vakansiyalar təqdim olunub. 

"ASAN Könüllüləri" Təşkilatının sədri Səbinə Cabbarova bildirib ki, "ASAN Akademiya" layihəsini həyata keçirməkdə əsas məqsəd müxtəlif ixtisaslar üzrə təhsil alan, fərqli düşüncəli gəncləri bir araya gətirərək onların karyera və təhsillərində irəli getmək üçün təkan yaratmaqdır: "5 il müddətində bu layihəyə 4000-dən çox gənc müraciət edib. Onlardan yalnız 250 nəfər iştirakçı adına layiq görülüb. Bu il layihə çərçivəsində 6 proqram modulu təqdim olunub. Ümumilikdə gənclər üçün 20 təlimçi tərəfindən 30-a yaxın təlim tədris edilib. 5 il ərzində Akademiya məzunlarının 90 faizi müxtəlif dövlət və özəl müəssisələrdə işlə təmin olunublar və təhsillərini çox yüksək pillələrdə davam etdirirlər. Layihənin növbəti illərdə də davam etməsi nəzərdə tutulub". 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, son 6-7 il ərzində 20 minə yaxın gənc "ASAN" mərkəzlərində könüllülük fəaliyyəti göstərib: ""ASAN Xidmət"in əhatə dairəsi genişləndikcə könüllülük hərəkatı da genişlənməyə başlayıb. Bu marağı görüb 2013-cü ildə könüllülərimizi birləşdirən "ASAN Könüllüləri" təşkilatını formalaşdırdıq. Bu təşkilat çox uğurlu iş ortaya qoyub. Bu günə qədər təşkilat tərəfindən icra olunan 500-dən çox layihədə 60 minə yaxın gənc iştirak edib. Nəzərə alsaq ki, könüllülərimizin əksəriyyəti tələbələrdir. Bu illər ərzində biz də Dövlət Agentliyi olaraq çalışmışıq ki, öz səlahiyyətlərimiz çərçivəsində gənclərin layihələrinin həyata keçirilməsinə dəstək olaq. "ASAN Akademiya"da bu günə qədər 250-yə yaxın gənc iştirak edib. Sevindirici haldır ki, onların əksəriyyəti müxtəlif sahələr üzrə işlə təmin olunublar. Bu gün növbəti 50 könüllü gəncin "ASAN Akademiyası"nda təlimləri başa çatıb. Azərbaycan dövlətinin gənclər siyasəti uğurla icra olunur. "ASAN Könüllülər"in bu layihəsi də gənclər siyasətinə dəstəyini göstərən layihələrdən biridir".