Trampın qələbəsinin Azərbaycan iqtisadiyyatına təsiri: Dollar, neft...
    • 6-11-2024, 21:09
    • 1 445

Trampın qələbəsinin Azərbaycan iqtisadiyyatına təsiri: Dollar, neft...

Xəbər verdiyimiz kimi, bu gün qeyri-rəsmi nəticələrə görə ABŞ-ın yeni prezidenti Donald Tramp olub. Trampın qələbəsi bazarlarda da öz təsirini göstərib. Dollar möhkəmlənib, Bitkoin isə rekord qırıb. Eyni zamanda qızıl və neftin qiymətində kəskin ucuzlaşma müşahidə olunub. Onu da qeyd edək ki, Tramp seçki kampaniyası zamanı ABŞ-ı ön plana çıxaran iqtisadi vədləri ilə diqqət çəkib. Onun vergilər, faizlər, xarici ticarət və kripto pul kimi mövzulardakı çıxışları ön plana çıxıb.

Trampın zəfəri ilə dünya iqtisadiyyatını nə gözləyir?

Məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı-ekspert Eldəniz Əmirov deyib ki, Trampın qalib gəlməsi ilə məzənnənin inzibati yolla tənzimlənmədiyi ölkələrdə həm dollarda bahalaşma, həm də uçot dərəcəsində müəyyən dəyişikliklər ola bilər. Onu da qeyd edim ki, Trampın qələbəsi təkcə bitkoin də deyil, ümumiyyətlə, kriptovalyutalarda müəyyən qədər artıma səbəb ola bilər. Eyni zamanda, seçkinin ABŞ-ın fond bazarına da müsbət təsiri olacaqdır:


"O ki, qaldı Azərbaycanda dolların bahalaşıb-bahalaşmamasına bu proseslər dolların qiymətinə təsir etməyəcək. Lakin, Trampın hakimiyyətə gəlməsi neft qiymətlərinin müəyyən qədər ucuzlaşmasına səbəb ola bilər. Bu da təbii ki, neft hasil edən ölkələr, o cümlədən Azərbaycan üçün arzu olunan hal deyil".


"Trampın qələbəsi ilə bu gün baş verin qiymət dəyişiklikləri barəsində nəticə çıxartmaq hələ tezdir".

Bunu News24.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib:


"Ancaq, ümumilikdə Trampın strategiyası ucuz dollar indeksi və ucuz enerji daşıyıcılarıdır. Bu kimi məsələlərdə Trampın komandası ciddi addımlar atmağı planlaşdırır. Amma, bu məsələnin bu gün, sabah baş verəcəyini söyləmək çətindir. Buna müəyyən dərəcədə zaman lazımdır".

Günel Məlikzadə
News24.az