Sami Yusif Sevda Ələkbərzadə ilə duet oxudu - FOTO - VİDEO
    • 1-07-2019, 14:57
    • 2 097

Sami Yusif Sevda Ələkbərzadə ilə duet oxudu - FOTO - VİDEO

İyunun 30-da Bakıda, Heydər Əliyev Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimi keçirilib.

News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mərasimdə iştirak edib.

Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək verməkdir. Bu məqsədlə ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan UNESKO ilə sıx əməkdaşlıq münasibətləri qurub və təşkilatın fəaliyyətinə öz töhfəsini verib. 2013-cü ildə UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi edən Azərbaycanda eyni müvəffəqiyyətlə hər iki ildən bir UNESKO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən Azərbaycan bu mötəbər qurumun növbəti sessiyasına ev sahibliyi etmək hüququ əldə edib. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin UNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir. Prezident İlham Əliyev iyunun 30-dan iyulun 10-dək davam edəcək sessiyanın Bakıda layiqincə keçirilməsini təmin etmək məqsədilə müvafiq Sərəncam imzalayıb. Bununla da UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda yüksək səviyyədə keçirilməsi təşkil olunub.

Sessiya iştirakçılarını salamlayan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bu cür mühüm toplantını qəbul etməyin böyük şərəf olduğunu dedi. Mehriban Əliyeva ölkəmizlə bu təşkilat arasında ötən 27 ildə bir sıra sahələrdə uğurlu əlaqələrin qurulduğunu bildirdi. “Biz fəal təmsilçilik və verdiyimiz töhfələrlə UNESKO-nun işində uğurla iştirak edirik”, - deyən Mehriban Əliyeva ümumdünya və milli irsin qorunmasının Azərbaycanda dövlət siyasətinin mərkəzində dayandığını vurğuladı. Son 5 ildə ölkəmizdə 40 tarixi abidənin bərpa edildiyini və yenidən qurulduğunu deyən Mehriban Əliyeva bununla da milli mədəniyyətimizin zənginləşdiyini diqqətə çatdırdı. İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası, Qobustan qaya rəsmilərinin UNESKO-nun Dünya İrs Siyahısına daxil edildiyini deyən Azərbaycanın Birinci vitse-prezidenti musiqi xəzinəmizin inciləri olan muğam və aşıq sənətinin də bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini bildirdi.

Mehriban Əliyeva çıxışında Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin işğal edildiyini, 1 milyon insanın qaçqın və məcburi köçkünə çevrildiyini, yüzlərlə tarixi və memarlıq abidəsinin dağıdıldığını vurğuladı. “Sülh mədəniyyətinin toxumları dialoq və qarşılıqlı hörmətlə cücərə bilər”, - deyən Mehriban Əliyeva 2008-ci ildən ölkəmizdə keçirilən və UNESKO-nun da tərəfdaşı olduğu Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən danışdı, bir daha tədbirin işinə uğurlar arzuladı.

UNESKO-nun Baş direktoru Odre Azule zəngin tarixə malik Bakıda olmaqdan məmnunluğunu bildirərək Azərbaycan rəhbərliyinə səmimi qonaqpərvərliyə və üzv dövlətlərin nümayəndələri üçün yaradılan şəraitə görə minnətdarlığını bildirdi. Dünya mədəni irsinin hazırda həssas vəziyyətlə üzləşdiyini deyən Odre Azule qaynar nöqtələrdəki mədəni abidələrin daim UNESKO-nun nəzarətində olduğunu diqqətə çatdırdı, dünya mədəni irsinin müxtəlifliyinin qorunub saxlanmasının vacibliyini vurğuladı. Mədəni irsin qorunmasına dair Konvensiyanın xüsusi əhəmiyyətini vurğulayan UNESKO-nun Baş direktoru dünya əhalisini təşviq işlərində fəal olmağa çağırdı. O, sessiya iştirakçılarına 9 yaşlı qızı təqdim etdi. Balaca qız müəllifi olduğu kitabında öz doğma şəhərindən, oradakı çoxlu tarixi abidələrdən, böyük qəhrəmanlardan bəhs etdiyini bildirdi və kitabını Odre Azuleyə təqdim etdi.

Sonra UNESKO-nun İcraiyyə Şurasının sədri Byonq-Hyun Li və Dünya İrs Komitəsinin 43-cü sessiyasının sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış etdilər.

Daha sonra Azərbaycan incəsənət ustalarının maraqlı konsert proqramı təqdim olundu.