Əbülfəs Qarayev UNESKO-nun baş direktoru ilə görüşdü
    • 26-11-2019, 22:35
    • 1 078

Əbülfəs Qarayev UNESKO-nun baş direktoru ilə görüşdü

Parisdə UNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasının Baş Assambleyasının 22-ci sessiyası çərçivəsində mədəniyyət naziri Əbülfəs Qarayev təşkilatın baş direktoru Odre Azuleylə görüşüb.
Mədəniyyət Nazirliyindən News24.az -a bildirilib ki, görüşdə Azərbaycan-UNESKO əlaqələri, “Bakı Prosesi” çərçivəsində təşkil edilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun nəticələri, Ümumdünya İrs Komitəsinin Bakıda keçirilmiş 43-cü sessiyası və nəticələri, 2020-ci il VII Bakı Beynəlxalq Humanitar Forumu və 2021-ci il Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Azərbaycanın UNESKO-nun qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsindəki fəaliyyəti, həmçinin İraqın Mosul şəhərinin tarixi və mədəni irsinin bərpasına dəstək layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Xanım Odre Azuley Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının yüksək səviyyədə təşkil edilməsi ilə əlaqədar Əbülfəs Qarayevə təşəkkürünü bildirib. Baş direktor Azərbaycana ilk səfəri zamanı Birinci vitse-prezident, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ilə görüşdən xoş təəssüratlarla ayrıldığını qeyd edib.
Əbülfəs Qarayev, öz növbəsində bu ilin noyabrın 19-da UNESKO-nun baş qərargahında keçirilmiş Mədəniyyət nazirləri Forumunun əhəmiyyətini qeyd edərək forumun formatının ölkəmiz tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb.
Nazir Bakı şəhərinin UNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilməsinə görə təşəkkürünü bildirib və hazırda bununla bağlı bir sıra işlərin həyata keçirildiyini söyləyib.
Əbülfəs Qarayev, həmçinin noyabrın 27-də UNESKO-nun baş qərargahında təşkilatın “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasının Baş Assambleyasının 22-ci sessiyasında Ümumdünya İrs Komitəsinin sədri qismində 2018-2019-cu illər ərzində görülən işlər və Komitənin 43-cü sessiyasında qəbul edilən qərarlarla bağlı hesabatla çıxış edəcəyini bildirib.
Görüşdə yaradıcı sənayelərin inkişafı və bu istiqamətdə UNESKO ilə birgə fəaliyyətin həyata keçirilməsi ilə bağlı da fikir mübadiləsi aparılıb.