Nümunəvi yol polisləri və sürücülər mükafatlandırıldı - FOTOLAR
    • 1-07-2019, 15:57
    • 845

Nümunəvi yol polisləri və sürücülər mükafatlandırıldı - FOTOLAR

Bu gün Azərbaycan polisinin 101 illiyi və 2 İyul Polis Günü münasibətilə Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsi və «Avtosfer.az» saytının təşəbbüsü ilə Yol hərəkəti haqqında Qanunun tələblərini düzgün yerinə yetirdiyinə görə yol polisi əməkdaşları, Qarabag döyüşlərində və xidmət zamanı həlak olmuş yol polisi əməkdaşlarının ailə üzvlərinin mükafatlandırılma mərasimi keçirilib. 

News24.az-ın məlumatına görə, «Yaxt klub»da baş tutan tədbiri giriş sözü ilə açan «Avtosfer.az» saytının baş redaktoru Elməddin Muradlı Azərbaycan polislərini təbrik edib, onların keçdiyi şərəfli yol barədə tədbir iştirakçılarına məlumat verib: “Bu gün yalnız yol polisi əməkdaşları deyil, eyni zamanda sürücülər də mükafat alanların sırasındadır. Dövlət Yol Polisi İdarəsi iə birgə qərara aldıq ki, son 2 ildə xəta törətməyən 12 nəfər DYP rəisinin və “Avtosfer.az” saytı adından nümunəvi sürücü kimi təltif olunsun. Bu layihənin əsas məqsədi ölkədə yol hərəkəti mədəniyyətinin yüksəldilməsi, yol hərəkəti iştirakçıları arasında nizam-intizamın gücləndirilməsi naminə DYP əməkdaşları ilə sürücülər və digər hərəkət iştirakçıları arasında qarşılıqlı inam və etimadın daha da gücləndirilməsidir”.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev öz çıxışında bütün polis əməkdaşlarını təbrik edib. O cümlədən Baş Dövlət Yol Polisi İdarəsinin rəisi general Ramiz Zeynalovun təbriklərini mərasim iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycan Polisinin keşməkeşli olduğu qədər şərəfli bir yol keçdiyini, vətənə, xalqa və anda sədaqətlə və ləyaqətlə xidmət etdiyini, polis orqanlarının zamanın bütün sınaqlarından üzü ağ çıxdığını, dövlətçiliyin əsas sütunlarından birinə çevrildiyini vurğulayıb.

Tədbirdə millət vəkilləri Flora Qasımova, Şahin İsmayılov, Jalə Əliyeva, Əflatn Amaşov, Fazil Mustafa da çıxış edib. Millət vəkilləri Azərbayanda yol polisi işçilərinin xidmətini yüksək qiymətləndiriblər. Millət vəkilləri  rahat və təhlükəsiz hərəkətin mümkün olması üçün yol polisinin xidmətlərinin əvəzsiz olduğunu vurğulayıblar.  

Sonda polis əməkdaşlarına diplom, fəxri fərman və hədiyyələr təqdim olunub.

Afaq Mirayiq