-
- Bu gün, 10:12
- 160
Nazirin qəribə fobiyası – Həmkarı onu axmaq adlandırdı
İsveçdə gender bərabərliyi naziri Paulina Brandberqin “banan fobiyası”nın komandasına çətin anlar yaşatdığı ortaya çıxıb. Brandberqin komandasının nazirin hər hansı bir otağa girmədən əvvəl bananların yoxlanmasını istədiklərinə dair yazışmalar ölkə mətbuatına sızıb. Çox sayda siyasətçi fobiya ilə mübarizə sahəsində Brandberqə dəstək bildirib.
News24.az xəbər verir ki, İsveçdə nəşr olunan “Expressen” qəzetində dərc edilən hökumət yazışmalarına görə, Brandberqin komandası nazirin rəsmi səfərləri öncəsi electron məktub göndərərək, otaqda heç bir bananın olmamasını tələb edib. Bu, Brandberqin bananlara qarşı güclü allergiyası olması ilə izah edilib.
Buna əsasən, sentyabr ayında göndərilən bir yazışmada, İsveç parlamentinin sədri Andreas Norlenin ofisində keçiriləcək görüşdən əvvəl otaqda, yeməklərdə və şirniyyatlardakı “heç bir banan izi”nin olmaması xahiş edilib. Digər bir e-maildə isə Brandberqin bir tədbirdə iştirak edəcəyi otaqda heç bir bananın olmaması tələb edilib.
Liberal partiyasından olan nazir 2020-ci ildə banan qorxusu ilə bağlı açıqlama verib və bu vəziyyəti “dünyanın ən qəribə fobiyası” olaraq xarakterizə etmişdi. Yazışmaların dərc edilməsindən sonra “Expressen” qəzeti ilə danışan Brandberq bananlarla bağlı problemi olduğunu təsdiqləyib. Bananlara görə “bir növ allergiya” yaşadığını bildirən nazir bu mövzuda peşəkar yardım aldığını da əlavə edib.
Banan məsələsinin İsveçdə birdən ən çox danışılan mövzuya çevrilməsindən sonra Brandberqə siyasət dünyasından dəstək mesajları gəlməyə başlayıb.
İsveçin baş naziri Ulf Kristersson Brandberqin banan fobiyasının nazirlik fəaliyyətini mənfi təsir etmədiyini qeyd edib. “Fərqli fobiyaları olan insanlara hörmətim var. Çalışqan bir nazirin demək olar ki, yalnız bir fobiya ilə əlaqələndirilərək onu ələ salınmasından narahat oluram”, - deyə o bildirib.
Liberal Partiyasından təhsil naziri Yohan Pehrson isə medianın banan fobiyasına göstərdiyi marağın “axmaq” olduğunu söyləyib.
Aynurə