Vilayət Eyvazov : Bir qrup polis əməkdaşı....
    • 2-07-2019, 17:00
    • 1 485

Vilayət Eyvazov : Bir qrup polis əməkdaşı....

İyulun 2-də Azərbaycan Polisi yaranmasının 101-ci ildönümünü qeyd edir. 

Daxili Işlər Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, bu münasibətlə təntənəli tədbir öncəsi Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə DİN-in əməkdaşları Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin abidə kompleksi önünə tər çiçək dəstələri düzüblər. Həmçinin görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad olunub. Ziyarətdən sonra respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş mərd mübarizlərin uyuduğu Şəhidlər xiyabanı ziyarət olunub.

Eyni zamanda Daxili İşlər Nazirliyində Azərbaycan Polisinin növbəti ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib. 
Mərasim iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi  bütövlüyü uğrunda şəhid olmuş və xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Nazir, general-polkovnik Vilayət Eyvazov Azərbaycan Polisinin keçdiyi şərəfli yol, xüsusən ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkili, peşəkar kadr özəyinin yaradılması, möhtərəm Prezidentimiz zati-aliləri cənab İlham Əliyevn başçılığı ilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarında həyata keçirilən islahatlar, struktur dəyişiklikləri, maddi-texniki bazanın möhkəmləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb.

Ən yeni tariximizə nəzər salan nazir 2003-cü ildə Zati-aliləri cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonrakı mərhələnin ölkəmizin dinamik inkişafı, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvi olduğunu, lakin dövlətimizi xaos və anarxiya girdabına sürükləmək, dövlətçiliyi sarsıtmaq cəhdlərinin səngimədiyini, yaranmış vəziyyətdə onun qətiyyəti, xalqın öz rəhbərinə olan sarsılmaz inamı və dəstəyi, hüquq-mühafizə orqanlarının yüksək peşəkarlığı, proseslərə operativ müdaxiləsi sayəsində həmin cəhdlərin qarşısına sipər çəkildiyini, hərtərəfli islahatların, möhtəşəm transmilli layihələrin həyata keçirilməsi üçün zəruri olan sabitliyin bərqərar olunduğunu bildirib.

Müasirləşmə tendensiyasının Daxili İşlər Nazirliyinin bütün orqan və hissələrini əhatə etdiyini vurğulayan  general-polkovnik Vilayət Eyvazov ötən 16 ilə yaxın müddətdə fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılması, maddi-texniki təminatın yaxşılaşdırılması, o cümlədən ən müasir texnologiyalarla təchizatın yüksək səviyyəyə çatdırıldığını, onlarla elektron xidmət, veb-sayt, qaynar xəttvə digər informasiya resurslarının yaradıldığını, polisin «ASAN xidmət» mərkəzlərində fəaliyyətinin təşkil olunduğunu deyib.

Qeyd edilib ki,  vətəndaş məmnunluğunu təmin edən bu və digər innovativ təşəbbüslər orqan və hissələrdə qanunçuluğun qorunmasının effektivliyini, xidmətin səmərəsini və  operativliyi qat-qat artırıb. 

Nazir V.Eyvazov ölkə başçısının rəhbərliyi ilə təkcə cari ildə sosial islahatların reallaşdırılması nəticəsində Daxili İşlər Nazirliyinin əməkdaşlarının əməkhaqqı pul təminatının artırıldığını, bu peşə bayramı ərəfəsində isə 26 əməkdaşın dövlət mükafatları ilə təltif edildiyini, rəhbər vəzifəli bir şəxsə ali xüsusi rütbə verildiyini xatırladaraq, bunun cənab Prezidentin şəxsi heyətə göstərdiyi ali diqqət və qayğının növbəti əyani ifadəsi olduğunu bildirib, eyni zamanda, daxili işlər orqanlarının və Daxili Qoşunların asayişin və təhlükəsizliyin təmini üzrə fəaliyyətini dövlət başçısının və Birinci vitse-prezidentin yüksək qiymətləndirdiyini, şəxsi heyətə öz təşəkkürlərini ifadə etmələrini məmnunluq hissi ilə vurğulayıb.  
 
Daxili işlər orqanlarının fəaliyyətini hər zaman yüksək dəyərləndirdiyinə görə ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə dərin minnətdarlığını bildirən nazir Vilayət Eyvazov əmin edib ki, ulu öndər Heydər Əliyev ideallarına həmişə sadiq olan şəxsi heyət andına sadiq qalaraq Vətənə və xalqa xidmət kimi şərəfli yolda bundan sonra da qətiyyətlə irəliləyəcək, sabitliyi, vətəndaşlarımızın təhlükəsizliyini, qanuni mənafelərini, hüquq və azadlıqlarını bundan sonra da etibarlı qoruyacaq, möhtərəm Prezidentin inam və etimadını hər zaman layiqincə doğrultmağa çalışacaq.

Çıxışının sonunda nazir Azərbaycan Polisinin yaranmasının 101-ci ildönümü münasibətilə bir daha bütün şəxsi heyəti, veteranları, respublikanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış, vəzifə borcunu yerinə yetirərkən həlak olmuş əməkdaşlarımızın ailə üzvlərini ürəkdən təbrik edib, onlara möhkəm cansağlığı, xidmətdə və şəxsi həyatda uğurlar arzulayıb.

Sonra xidməti vəzifələrin yerinə yetirilməsində fərqlənmiş bir qrup əməkdaşın mükafatlandırılmasına dair Daxili İşlər nazirinin əmri elan olunub. General-polkovnik Vilayət Eyvazov mükafatları təqdim edib. 

Təntənəli mərasimin sonunda Azərbaycan Dövlət Televiziyası tərəfindən hazırlanmış "Azərbaycan Polisi - 101" sənədli filmi nümayiş olunub.