Azərbaycanın işğal olunmuş ərazilərində "Visa", "Mastercard" ödəniş kartları ilə ƏMƏLİYYATLAR DAYANDIRILIB
    • 5-07-2019, 16:40
    • 913

Azərbaycanın işğal olunmuş ərazilərində "Visa", "Mastercard" ödəniş kartları ilə ƏMƏLİYYATLAR DAYANDIRILIB

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) maliyyə bazarları, o cümlədən ödəniş sistemləri sahəsində həyata keçirdiyi tənzimləmə və nəzarət çərçivəsində Azərbaycan Respublikasının işğal altında olan ərazilərində fəaliyyət göstərən banklar tərəfindən beynəlxalq kart təşkilatlarının brendini daşıyan ödəniş kartlarına xidmət göstərilməsi faktları müəyyən edilmişdir. Həmçinin, qondarma Dağlıq Qarabağ respublikasının maliyyə nazirliyinin rəsmi internet səhifəsi üzərindən maddi yardımın toplanılması faktı aşkarlanıb. 

News24.az MBNP-na istinadən xəbə verir ki, bu faktların mövcudluğu ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün, beynəlxalq hüquqi normaların pozulması, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi baxımından əlverişli şəraitin yaradılması, habelə beynəlxalq kart təşkilatları tərəfindən müəyyən edilmiş tələblərin gözlənilməməsi deməkdir. Palata tərəfindən aşkar olunmuş faktlar əsasında “Visa Inc.” və “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının rəhbər nümayəndələri ilə görüşlər keçirilərək bu təşkilatların brendini daşıyan ödəniş kartlarına işğal olunmuş ərazilərdə xidmət göstərilməsinin təxirəsalınmadan dayandırılması diqqətə çatdırılıb. 

Həyata keçirilən kompleks tədbirlər və birgə fəaliyyət nəticəsində qondarma Dağlıq Qarabağ respublikasının maliyyə nazirliyinin rəsmi internet səhifəsi üzərindən beynəlxalq kart təşkilatlarının brendini daşıyan ödəniş kartları ilə maddi yardımların toplanılması, habelə işğal olunmuş ərazilərdə bir sıra bankların bankomat şəbəkəsi üzərindən bu ödəniş kartlarının qəbulu dayandırılıb. 

Palata olaraq ödəniş sistemləri sahəsində tənzimləmə və nəzarət çərçivəsində Azərbaycan Respublikasının işğal altında olan ərazilərində fəaliyyət göstərən banklar tərəfindən beynəlxalq kart təşkilatlarının brendini daşıyan ödəniş kartlarına xidmət göstərilməsi daim monitorinq olunaraq müvafiq tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır.