Əmək Müfəttişliyi Xidməti "Azərişıq"ın Həmkarlar İttifaqı Birliyini CƏRİMƏLƏYİB
    • 9-07-2019, 10:21
    • 1 090

Əmək Müfəttişliyi Xidməti "Azərişıq"ın Həmkarlar İttifaqı Birliyini CƏRİMƏLƏYİB

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Həmkarlar İttifaqı Birliyini inzibati qaydada cərimə edib.

Qurum İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsini pozmaqda təqsirli bilinib.

Qeyd edək ki, bu maddə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə məsuliyyət nəzərdə tutur. Sözügedən inzibati xətaya görə, fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.

"Azərişıq" ASC-nin Həmkarlar İttifaqı Birliyi cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında Nərimanov Rayon Məhkəməsinin 08 may 2019-cu il tarixli qərarından apellyasiya şikayəti verib.
Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. /report/