-
- 11-12-2024, 08:00
- 125
Cənubi Koreyada polis Prezident Administrasiyasında axtarışlara başladı
Cənubi Koreyada polis dekabrın 3-də prezident Yun Sok Yolun uğursuz hərbi vəziyyət tətbiq etmək cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində paytaxt Seulda Prezident Aparatına basqın edib.
News24.az xəbər verir ki, Cənubi Koreyanın “Yonhap” agentliyinin məlumatına görə, Milli Polis və Seul Polis Qərargahında da axtarışlar aparılır.
Bir gün əvvəl Cənubi Koreya parlamenti dekabrın 3-də hərbi vəziyyətin tətbiqi cəhdi ilə əlaqədar prezident Yun Sok Yolun “dərhal” həbsinə çağıran qətnamə qəbul edib.
Xatırladaq ki, Yun Sok Yol dekabrın 3-də müxalifətin “dövlət əleyhinə fəaliyyətlərdə” iştirakını əsas gətirərək hərbi vəziyyət elan edib.
Daha sonra Müdafiə Nazirliyi hərbi komandirlərə müşavirələrin keçirilməsi ilə bağlı göstəriş verib və onları yüksək döyüş hazırlığına çağırıb. Hərbi vəziyyətin tətbiqi ilə məşğul olan hərbi qulluqçular parlamentin binasına daxil olublar.
Parlamentin fövqəladə iclasında hərbi vəziyyətin aradan qaldırılması təklifini 190 deputat dəstəkləyib. Parlament administrasiyasının rəsmiləri bildiriblər ki, səsvermədən sonra hərbi vəziyyətin hüquqi qüvvəsi olmayıb.
Parlamentdə səsvermədən sonra prezident qərarını dəyişib, hökumətin iclasını çağırıb və kabinetin razılığını aldıqdan sonra hərbi vəziyyətin ləğvini rəsmən elan edib.
Daha sonra Cənubi Koreya prezidentinə “dövlətə xəyanət”lə bağlı araşdırmaya görə ölkədən kənara çıxması qadağan edilib.
Aynurə