Almaniyada əhaliyə xəbərdarlıq: Fövqəladə hallara hazır olun
    • Bu gün, 16:52
    • 108

Almaniyada əhaliyə xəbərdarlıq: Fövqəladə hallara hazır olun

Mülki Mühafizə və Fəlakətlərə Yardım üzrə Federal Bürosunun sədr müavini Rene Funk yerli mətbuata verdiyi açıqlamada Almaniyada hər bir ailənin ehtiyat tədbiri olaraq üç günlük fövqəladə ləvazimatlara malik olması lazım olduğunu söyləyib.

News24.az xəbər verir ki, Beynəlxalq gərginliyin artması və kiber təhdidlər səbəbiylə bu cür hazırlıqların zəruri hala gəldiyini ifadə edən Funk, "Vətəndaşlara səslənirəm. Uzun müddətli elektrik kəsilməsi də daxil olmaqla fövqəladə hallara hazır olun. Hər gün çoxlu hibrid hücumlarla qarşılaşırıq" deyib.

Ev təsərrüfatlarının gündə adam başına ən az 1,5 litr su saxlaması lazım olduğunu ifadə edən Funk, fövqəladə vəziyyətə hazırlıq üçün ətraflı təkliflər verib və konservləşdirilmiş qidaların saxlanmasının vacibliyini də vurğulayıb.

KİV-də ölkəyə qarşı kiberhücum xəbərləri artıb

Mülki Müdafiə və Fövqəladə Hallara Yardım Federal İdarəsi ölkədə baş verə biləcək böhran və fəlakətlərə cavab verməkdə mərkəzi rol oynayır, risk analizlərinin aparılmasına və zəruri hazırlıqlar barədə ictimaiyyəti xəbərdar etməyə cavabdehdir.

Ofisin son tövsiyələri Rusiya, Çin, İran və Şimali Koreya kimi ölkələrdən onlara qarşı artan kiberhücumlarla bağlı mediada yayılan xəbərlərdən sonra gəlib.

Bu hücumların elektrik şəbəkələri, internet, qida təchizatı, nəqliyyat şəbəkələri və ictimai təhlükəsizlik sistemləri kimi kritik infrastrukturları idarə edən şirkətləri və dövlət orqanlarını hədəf aldığı bildirilir.

Alman mətbuatında yer alan xəbərlərdə Rusiyanın dövlət aktyorlarının Avropa daxilində dəmir yolu xətlərini, elektrik dirəklərini və sualtı kabelləri hədəf alan çoxsaylı təxribat hadisələrində şübhəli bilindiyi iddia edilirdi.

Qeyd edək ki, Moskva bu iddiaları Rusiyanı gözdən salmaq məqsədi daşıyan saxta ittihamlar kimi rədd edib.


Günel Məlikzadə