Gömrük yığımları nə qədər artırıldı - Mövcud və artan qiymətlər
    • 7-08-2018, 22:30
    • 1 007

Gömrük yığımları nə qədər artırıldı - Mövcud və artan qiymətlər

Nazirlər Kabinetinin sonuncu qərarı ilə gömrük yığımlarının dəyişdirilməsi gömrük orqanlarında işləyənlərin maaşına əlavə etmək məqsədi daşıyır"

Xəbər verdiyimiz kimi, baş nazir Novruz Məmmədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli 168 nömrəli qərarı ilə təsdiq edilmiş "Gömrük yığımlarının məbləğləri"ndə dəyişikliklər edilməsi barədə qərar qəbul edib. Qərara görə idxal olunan məhsullara görə, tutulan gömrük yığımlarının məbləği artırılıb.

Dəyişikliyi  şərh edən iqtisadçı-alim, keçmiş deputat Nazim Bəydəmirlinin sözlərinə görə, idxal olunan məhsullara həm gömrük rüsumları, həm vergi, həm də gömrük yığımları tətbiq edilir: "Gömrük yığımları adətən sabit olur və məbləğ dəyişmir. Nazirlər Kabinetinin sonuncu qərarı ilə gömrük yığımlarının dəyişdirilməsi gömrük orqanlarında işləyənlərin maaşına əlavə etmək məqsədi daşıyır".
"Çünki büdcədənkənar tutulmalar əslində maaşa əlavə adı altında, həvəsləndirmə məqsədilə gömrük orqanlarında çalışan əməkdaşların sosial müdafiəsi üçün nəzərdə tutulub" — deyən Bəydəmirli bildirib ki, əslində bütün bu artımlar psixoloji olaraq, sahibkarların, fiziki və hüquqi şəxslərin göstərdiyi xidmətlərin, satdığı məhsulların üzərinə gələcək və dolayı yolla istehlakçılardan tutulacaq.

"Rüsumların və yığımların artırılması ilə bağlı ciddi şəffaflığa nail olmaq mümkün deyil. Buna görə də mən təklif edərdim ki, gömrük orqanları əməkdaşlarının və digər büdcədən əmək haqqı alan şəxslərin maaşları artırılsın" — iqtisadçı-alim əlavə edib.

N.Bəydəmirli yığımların nə qədər artırıldığına da aydınlıq gətirib. Belə ki, "Gömrük yığımlarının məbləğləri"nə edilən dəyişikliyə görə:
Gömrük dəyəri 1 000 manatadək olduqda 15 manat (hazırda 10 manatdır), gömrük dəyəri 1 000 manatdan yuxarı və 10 000 manatadək olduqda 60 manat (hazırda 50 manatdır), gömrük dəyəri 10 000 manatdan yuxarı və 50 000 manatadək olduqda 120 manat (hazırda 10 000 manatdan 100 000 manata qədər olduqda 100 manatdır), gömrük dəyəri 50 000 manatdan yuxarı və 100 000 manatadək olduqda 200 manat (hazırda 150 manatdır), gömrük dəyəri 100 000 manatdan yuxarı və 500 000 manatadək olduqda 300 manat (hazırda 100 000 manatdan yuxarı olduqda 275 manatdır) olacaq.
"Qərarla yeni məbləğlər əlavə edilib. Belə ki, gömrük dəyəri 500 000 manatdan yuxarı və 1 000 000 manatadək olduqda 600 manat, gömrük dəyəri 1 000 000 manatdan yuxarı olduqda 1000 manat nəzərdə tutulub" — deyə mütəxəssis vurğulayıb.
Qeyd edək ki, baş nazir Novruz Məmmədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli 168 nömrəli qərarı ilə təsdiq edilmiş "Gömrük yığımlarının məbləğləri"ndə dəyişikliklər edilməsi barədə qərar verib. Dəyişikliklərə əsasən:

Gömrük dəyəri 1 000 manatadək olduqda 15 manat; gömrük dəyəri 1 000 manatdan yuxarı və 10 000 manatadək olduqda 60 manat, gömrük dəyəri 10 000 manatdan yuxarı və 50 000 manatadək olduqda 120 manat; gömrük dəyəri 50 000 manatdan yuxarı və 100 000 manatadək olduqda 200 manat müəyyən edilib.
Bununla yanaşı, qərarda qeyd olunur ki, gömrük dəyəri 100 000 manatdan yuxarı və 500 000 manatadək olduqda 300 manat; gömrük dəyəri 500 000 manatdan yuxarı və 1 000 000 manatadək olduqda 600 manat; gömrük dəyəri 1 000 000 manatdan yuxarı olduqda 1000 manat müəyyən edilib.
Qərarda qeyd edilir: 1.1.2.6.1-ci yarımbənddə "20" rəqəmi "30" rəqəmi ilə əvəz edilsin; 1.4. 2.6.2-ci yarımbənddə "15" rəqəmi "25" rəqəmi ilə əvəz edilsin; 1.5. 5.1.2-ci yarımbənddə "5" rəqəmi "10" rəqəmi ilə əvəz edilsin.
Qeyd edək ki, bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Sputnik Azərbaycan