Yeddi aydır ki, xaricdən qızıl alırıq: devalvasiya təhdidi, yoxsa...
    • Bu gün, 20:40
    • 108

Yeddi aydır ki, xaricdən qızıl alırıq: devalvasiya təhdidi, yoxsa...

Azərbaycan artıq yeddinci aydır ki, ard-arda xaricdən irihəcmli qızıl alışını davam etdirir. 2024-cü ilin aprelindən oktyabr ayına qədər ümumilikdə 27 176 kiloqram həcmində qızıl idxal edilib və bu qızılın idxal dəyəri 2 milyard 122.9 milyon ABŞ dolları həcmində olub. Qızıl dünya banklarının 2022-ci ildən bu tərəfə tətbiq etdiyi sərt monetar siyasəti yavaş-yavaş cari ilin əvvəlindən etibarən endirməsi və geosiyasi risklərin artması fonunda bahalaşmaqdadır. Sarı metal 2024-cü ildə tarixi rekord səviyyə olan bir unsiya üçün 2800 dollara qədər bahalaşdı. Qızılın bahalaşmasında digər məsələ isə iri mərkəzi bankların onu alması oldu. 

Qeyd etdiyimiz kimi, qızılın qiyməti adətən qlobal iqtisadi və siyasi faktorların təsiri ilə dəyişir. Bəzi ekspertlər hesab edir ki, qızılın qiyməti qalxırsa, demək ki, ölkələrin iqtisadi vəziyyəti qənaətbəxş deyil. Bu həm də gələcəkdə devalvasiyanın olacağı anlamına gəlir. 

Ekspertlər ölkələrin qızıl alışını və qızılın qiymətinin artmasının bir neçə səbəblə əlaqələndirirlər. İlk olaraq burada inflyasiya qorxusundan danışılır. Dünyada yüksək inflyasiya səviyyəsi investorları daha etibarlı aktivlərə, o cümlədən qızıla yönəldir. Qızıl tarixi olaraq inflyasiyaya qarşı dayanıqlı sərmayə vasitəsi hesab olunur.

Eyni zamanda, qlobal siyasi sabitsizlik, münaqişələr və regional böhranlar qızıla tələbatı artırır. Məsələn, Orta Şərq, Rusiya-Ukrayna münaqişəsi kimi problemlər investorları qızıla sərmayə qoymağa təşviq edir.

Ən vacib, ABŞ dollarının məzənnəsində eniş qızılın qiymətini artırır, çünki qızıl dollarla qiymətləndirildiyi üçün onun dəyəri dolların düşməsi ilə yüksəlir. ABŞ Federal Rezerv Sistemi və digər mərkəzi bankların faiz dərəcələri ilə bağlı siyasəti qızılın qiymətinə təsir göstərir. Aşağı faiz dərəcələri adətən qızıla marağı artırır. Eləcə də, zərgərlik və texnologiya sənayesində qızıla artan tələbat, həmçinin mədən hasilatında azalma qiymət artımına səbəb ola bilər.

Ümumiyyətlə, ölkələr öz beynəlxalq rezervlərini genişləndirərkən yalnız xarici valyutalara deyil, həmçinin real aktivlərə, yəni qızıla yönəlirlər. Bu yanaşma portfel risklərini azaltmağa və ehtiyatların sabitliyini təmin etməyə kömək edir. Beynəlxalq bazarlarda qızıl yüksək likvidliyə malikdir, yəni istənilən vaxt başqa bir aktivə çevrilə bilər. Bu, mərkəzi banklar üçün qızılın cəlbediciliyini artırır. Bəzi ölkələr (Çin, Rusiya və s.) mövcud beynəlxalq maliyyə sisteminin (dollar mərkəzli sistemin) dəyişməsini dəstəkləməyə çalışır. Onlar qızıl ehtiyatlarını artıraraq iqtisadi müstəqilliyi möhkəmləndirmək istəyirlər. Məsələn, son illərdə Çin, Hindistan və Rusiya kimi ölkələrin qızıl alışını kəskin artırdığı müşahidə olunub. Bu, həm rezervlərinin diversifikasiyası, həm də iqtisadi və geosiyasi güclərini artırmaq cəhdləri ilə izah edilir. Bütün bu faktorlar ölkələrin qızılın həm iqtisadi, həm də strateji dəyərinə olan marağını artırır.

İqtisadçı Eyyub Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “2024-cü ildə    dünyanın bütün mərkəzi bankları qızıl alışına üstünlük verdilər və bunların içində çox böyük ölkələr var, Hindistan, Çin və bəzi Avropa ölkələrinin mərkəzi bankları qızıl alışlarını artırdılar. Bu, qızılın qiymətinin yüksəlməsinə səbəb oldu. Hesab edirəm ki, qızıl alışının artması gələcəkdə, aparıcı valyutaların - xüsusən dollarla bağlı təlatümlə əlaqədar ola bilər. Dünyada gedən siyasi proseslər bəzi hallarda dolların alıcılıq qabiliyyətində təzyiq yaradır. Digər tərəfdən ABŞ-də dolların ucuzlaşması prosesi uçot dərəcələrini azaldır, buna görə də qızıla sabit investisiya aləti kimi daha çox üstünlük verilir. 

Fikrimcə, ölkəmizdə də qızılın idxalına yönəlmiş siyasət bununla bağlıdır, qızıl daha sabit və gələcəkdə dəyərini artırma potensialı olan bir aktiv olaraq istifadə olunur. Qızıl ehtiyatlarının  artması müsbər bir haldır, manatın sabitliyini təmin edən, manatın məzənnəsini tənzimləyən amildir. Eləcə də ölkənin kredit qabiliyyətinin artırılması baxımından mühüm amildir. Gələcəkdə ölkəmiz beynəlxalq təşkilatlardan kredit əldə etmək istəsə, bunlardan ən əhəmiyyətlisi qızıl ehtiyatlarıdır. Qızıl alışı aktivlərimizin artmasına da təsir edəcək. Bu baxımdan ölkəmizdə qızıl idxalını müsbət qiymətləndirirəm". 

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 2 min 167,1 ton qızıl istehsal edilib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 35,9 ton və ya 1,7 faiz artım deməkdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, noyabr ayının 1-nə hazır məhsul ehtiyatı 390,3 ton təşkil edib ki, bu da illik müqayisədə 102,5 ton və ya 35,6 faiz çoxdur. Xatırladaq ki, ötən ilin eyni dövründə hazır qızıl ehtiyatı 287,8 ton olub.

Cari ilin 9 ayının nəticələrinə əsasən Azərbaycandan İsveçrəyə 115 milyon 265,3 min dollar dəyərində 2 min 902 ton qızıl ixrac edilib. Xarici ölkələrdən isə, ümumilikdə, 1 milyard 833,9 milyon dollar dəyərində 23 min 859 tona yaxın qızıl idxal edilib.