-
- 19-06-2024, 08:17
- 949
Qızılın bahalaşmasının səbəbi BƏLLİ OLDU – DOLLARA İNAM...
İnkişaf etmiş ölkələrin mərkəzi bankları qızılın dünya ehtiyatlarında payının artacağını, ABŞ dollarının isə azalacağını gözləyirlər.
News24.az sfera.az-a istinadla xəbər verir ki, belə bir şərhlə “Financial Times” nəşri çıxış edib.
Nəşrin əldə etdiyi məlumata görə, zəngin ölkələrin mərkəzi banklarının təxminən 60%-i qızılın qlobal ehtiyatlardakı payının qarşıdakı beş il ərzində artacağına inanır. Hazırda bankların xarici valyutada olan vəsaitlərinin 38 faizi qızıl şəklində saxlanılır.
“Financial Times” yazır ki, bunu Dünya Qızıl Şurasının keçirdiyi sorğunun nəticələri də göstərir. Sorğuya əsasən qabaqcıl iqtisadiyyatların təxminən 13%-i gələn il qızıl ehtiyatlarını artırmağı planlaşdırır. Əvvəlki sorğularda qızıl almaq istəyənlərin nisbəti 8% idi.
Şuradan bildirilib ki, indiyə qədər keçirilən sorğuların heç birində mərkəzi bankların 13 faizi qızıl ehtiyatlarını artırmaq fikrində olduğunu açıqlamayıb. Adətən sorğuda iştirak edən bankların 5-7 faizi bu fikirdə olduğunu bildirirdi.
İnkişaf etmiş ölkələrin mərkəzi banklarının əksəriyyəti indi hesab edir ki, qızılın dünya ehtiyatlarında payı artacaq, ABŞ dollarının payı isə azalacaq.
Şuranın məlumatına görə, mərkəzi banklar 2022 və 2023-cü illərdə ehtiyatlarına 1000 tondan çox qızıl əlavə ediblər. Qızıl alışının artması qızılın qiymətinin keçən ay təxminən 2450 dollara yüksəlməsinə səbəb olub. Əlavə alınan 1000 ton qızılın bazar dəyəri təxminən 78 milyard dollar təşkil edib.
Qızılla yığımlar artdığı kimi dollarla olan yığımlar da azalır. Son məlumata əsasən dolların qlobal valyuta ehtiyatlarında payı 2000-ci ildəki 70%-dən keçən il təxminən 55%-ə düşüb.
Qeyd edək ki, Azərbaycanın Dövlət Neft Fondu da qızılla yığımlarını artırır. İndiyə qədər Fond 104,6 ton qızıl alıb ki, bunun da dəyəri 8 milyard dollar səviyyəsindədir.