-
- Bu gün, 06:29
- 144
Naxçıvanla bağlı STRATEJİ QƏRAR
Baş nazir Əli Əsədov Milli Məclisdə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı diqqəti Prezident İlham Əliyevin tapşırığı ilə 2004-cü ildən başlayaraq Naxçıvanın qaz təminatının yerinə yetirilməsinə çəkib.
Bildirib ki, Naxçıvanda bu gün qaz təminatı 100 faizdir. O, buna rəğmən, Prezident İlham Əliyevin təşəbbüsü ilə ikinci qaz xəttinin Türkiyə ərazisindən Naxçıvana çəkilməsinə hazırlığın yüksək səviyyədə olduğunu qeyd edib.
Maraqlıdır, əgər Naxçıvan 100 faiz qazla təmin olunursa, bunun üçün resurslar, infrastruktur varsa, Türkiyə ərazisindən ikinci qaz xəttinin çəkilməsinə nə ehtiyac var? Bunun iqtisadi, siyasi əhəmiyyəti nədən ibarətdir?
Mövzu ilə bağlı Medianews.az-a danışan enerji məsələləri üzrə ekspert, iqtisadçı Zəfər Vəliyev bildirib ki, SSRİ dövründə Naxçıvanın qaz təchizatı ilə bağlı Yevlax-Xankəndi-Laçın-Gorus-Şahbuz-Naxçıvan yüksəktəzyiqli magistral qaz boru xəttinin inşasına başlanılıb və 1980-ci ildə layihə uğurla başa çatdırılıb.
Onun sözlərinə görə, elə həmin il Naxçıvan şəhərinə ilk dəfə təbii qazın verilməsi təmin edilib: “Adıçəkilən qaz xətti Ermənistan ərazisindən keçdiyindən, 1990-cı ildə bu ölkənin işğalçılıq siyasəti Naxçıvana gələn bütün kommunikasiya xətlərinin kəsilməsinə səbəb olub. Nəticədə muxtar respublikaya təbii qazın verilməsi dayandırılıb. Azərbaycan da vəziyyətdən çıxış yolu kimi alternativ mənbələrə əl atmağa məcbur olub. İkinci dəfə muxtar respublikaya təbii qazın verilməsi 14 ildən sonra , 2004-cü ildə SOCAR və İran Milli Qaz İxracat Şirkəti arasında bağlanmış təbii qaz mübadiləsi haqqında müqavilə əsasında həyata keçirilib. 2005-ci il dekabrın 20-də Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Culfa-Naxçıvan magistral qaz xətti istifadəyə verilib. Lakin son bir neçə ildə İranda yay və qış mövsümündə ölkədaxili qaz təchizatında, eləcə də elektrik enerjisi təminatında ciddi problemlər özünü büruzə verib. Təbii ki, bu, Naxçıvanın qaz təchizatının dayanıqlılığını yenidən aktuallaşdırıb”.
İqtisadçı qeyd edib ki, bu amili əsas götürən Azərbaycan hökuməti muxtar respublikanın dayanıqlı enerji təminatını həyata keçirmək məqsədilə Naxçıvana Türkiyə üzərindən yeni qaz kəmərinin çəkilməsini məqsədəuyğun sayıb: “2020-ci ilin dekabrında Ankarada İğdır-Dilucu-Naxçıvan Qaz Boru Xəttinin inşası ilə bağlı qarşılıqlı anlaşma memorandumu imzalanıb. İllik ötürücülük gücü 730 milyon kubmetr olan boru kəmərinin ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulub. Yeni qaz kəməri vasitəsilə nəql ediləcək təbii qaz molekul tərkibinə görə Azərbaycan mənşəli qazdır və muxtar respublikanın dayanıqlı qaz təminatında mühüm rol oynayacaq. Kəmərin nəzərdə tutulmuş layihə gücündə fəaliyyətə başlaması ilə İran üzərindən mübadilə əsaslı qaz tədarükünə ehtiyac yaranmayacaq və qaz tədarükü ilə bağlı əlavə xərclərə son qoyulacaq. Azərbaycanın karbohidrogen ehtiyatları illərdir strateji müttəfiqimiz olan Türkiyə üzərindən beynəlxalq müştəri bazarlarına daşındığından, Naxçıvanın enerji təhlükəsizliyinin Türkiyə üzərindən təmin edilməsi dəyişən geosiyasi vəziyyətdə daha məqsədəuyğundur və strateji əhəmiyyət daşıyan qərardır”.