Avtomobillərin yanacaq çənindən niyə su çıxır? - ŞİKAYƏT
    • Bu gün, 17:20
    • 170

Avtomobillərin yanacaq çənindən niyə su çıxır? - ŞİKAYƏT

Son vaxtlar bir çox ustalar təmir üçün yaxınlaşan avtomobillərin yanacaq çənində su yığıldığını bildirirlər.

News24.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə onlar sosial şəbəkələrdə müxtəlif videogörüntülər paylaşaraq, sürücüləri xəbərdar ediblər.

Ustalar qeyd ediblər ki, yanacaq çəninə su yığılması həm köhnə, həm də yeni istehsal olunmuş avtomobillərdə zaman-zaman müşahidə olunur. Bu isə yanacağa su qatılması ehtimalını yaradır.

Problemi araşdırarkən məlum olur ki, yanacaq çənlərində külli miqdarda su toplanıb. Bu isə avtomobilin mühərrikinə ciddi ziyan vurmaqla yanaşı, sürücülər üçün də təhlükəli vəziyyət yaradır.

Bəs yanacaq çəninə su necə düşə bilər? Yanacaq çənində su olmasının ilk siqnalı sürücülər üçün nə ola bilər?

Oxu.Az yaranan suallara aydınlıq gətirmək üçün ekspert, tanınmış avtomobil mütəxəssisi və mühəndis-layihəçi Elçin Abbasovun fikirlərini öyrənib.

E.Abbasov qeyd edib ki, avtomobilin yanacaq çənində su yığılması ciddi problemlər yarada bilər.

"Çünki benzin və su qarışmaz. Ancaq yanacaq çənində su yığılması nəticəsində ortaya müxtəlif problemlər çıxa bilər. Onların bəzilərini diqqətinizə çatdıra bilərəm.

Məsələn, mühərrikdə yaranan problemlər. Əgər su yanacaq sisteminə daxil olarsa, o zaman mühərrik düzgün işləməyə və ya tamamilə sönə bilər. Bu, xüsusilə suyun miqdarı çox olduqda baş verir. Mühərrik ona görə sönür ki, yanma prosesi pozulur. Sadə dildə desək, su yanmadığı üçün mühərrikin işini dayandırır.

Daha bir problem yanacaq nasosunun və filtrinin zədələnməsi ola bilər. Çünki su pas və ya korroziyaya səbəb ola bilir ki, bu da yanacaq nasosu və yanacaq filtrinin işinə mənfi təsir edir.

Yanacaq sistemi tam gücü ilə işləyə bilmədiyi üçün avtomobilin performansı azalır".

Sürücülər üçün ilkin siqnal məsələsinə gəldikdə, ekspert deyib ki, mühərrikdə titrəmə, təkan hiss olunur, qeyri-sabit işləməyə başlayır - "Check Engine" işığı yanacaq sistemində problem olduğunu göstərə bilər.

Problemdən çıxış yolu barədə fikirlərini açıqlayan E.Abbasov vurğulayıb ki, çəndəki qarışıq su və yanacağı təmizləmək üçün öncə yanacaq çəni boşaldılmalıdır:

"Yanacaq sistemi yoxlanılmalı, yanacaq filtri və injektorlar təmizlənməlidir. Su qarışmasının qarşısını almaq üçün yanacaq çəninin qapağının kip, sızdırmayan olmasından əmin olmaq lazımdır".

Yanacaq çəninə suyun necə düşməsi məsələsinə isə mütəxəssis belə aydınlıq gətirib:

"Yanacaq çəninə su düşməsi müxtəlif səbəblərdən baş verə bilər. Məsələn, ən sadəsindən başlasaq, çən qapağının düzgün bağlanmaması. Belə olanda həm yağıntılı havalarda, həm də avtomobil yuyularkən su çənə daxil ola bilər.

Həmçinin, keyfiyyətsiz və ya mənşəyi məlum olmayan yanacaqdoldurma məntəqələrindən yanacaq alındıqda da bu hal baş verə bilər. Yanacağın saxlanma qaydalarına ciddi yanaşılmadığı üçün həmin məntəqələrdən alınan yanacağın tərkibində su ola bilər. Bir daha vurğulamaq istəyirəm, bu, xüsusilə etibarsız yanacaq satıcılarında yayılmış bir problemdir.

Su çəndə kondensasiya (buxarlanma və çökmə) zamanı yarana bilər. Yəni yanacaq çəni uzun müddət boş və ya az miqdarda yanacaqla qaldıqda çənin içindəki havadan su buxarı yaranır və nəticədə çənin dibinə toplanır.

Texniki nasazlıq səbəbindən də ola bilər, yəni çənin özündə çatlar və ya zədələr varsa, bu da suyun çənə daxil olmasına səbəb ola bilər. Yanacaq doldurarkən benzin nasosu təmiz deyilsə və ya ətraf mühitdə su varsa, su yanacaqla birlikdə çənə dola bilər və s.".