-
- Bu gün, 02:15
- 76
Veneranın sirli keçmişi: Orada robotlar belə sağ qala bilmir
Venera planetində robotlar belə sağ qala bilmir.
News24.az qaynarinfo-ya istinadla xəbər verir ki, Veneraya enən 10 yerüstü cihazdan ən uzun müddət davam gətirəni Sovet İttifaqının "Venera 13" kosmik aparatı olub. 465°C temperatur və 1350 psi səviyyəsindəki yüksək səth təzyiqi şəraitində cihaz cəmi iki saat fəaliyyət göstərərək sıradan çıxıb.
Bu ekstremal şərtləri bir pizza sobasının temperaturu və ayaq baş barmağınızın üzərinə kiçik bir avtomobilin bütün ağırlığının düşdüyünü təsəvvür edərək təsvir etmək mümkündür. Bununla belə, planetin hazırkı vəziyyətinə baxmayaraq, elmi müzakirələrdə Veneranın bir vaxtlar həyat üçün əlverişli olub-olmaması mövzusu hələ də gündəmdədir. Ola bilsin ki, bir dövrdə planet dünya kimi okeanlara malik olub.
Lakin "Nature Astronomy" elmi jurnalında dərc edilən yeni bir araşdırmaya görə, bu sualın cavabı mənfidir. Həmçinin kainatda potensial həyat axtarışına dair tədqiqatlar göstərir ki, yaşayışa yararlı bölgələrin sərhədlərində yerləşən Venera tipli planetlər həyat üçün çox da yaxşı namizəd deyil.
Kembric Universitetindən astrofizik Tereza Konstantinu mövzu ilə bağlı belə deyib:
Veneranın bir vaxtlar dünyamıza daha yaxın bir planet olduğunu öyrənməyi çox istərdik. Buna görə də bunun belə olmadığını bilmək bir qədər üzücüdür. Lakin nəticə etibarilə, ən azı bildiyimiz növdən həyatı dəstəkləyə biləcək planetlərə fokuslanmaq daha faydalıdır".
Hazırda planet alimləri Veneranın hələ də aktiv vulkanları olan, yanar yamaclarından lava axan və partlayan bir dünya olduğunu düşünür. Onun səthi həyat üçün əlverişli deyil. Buna baxmayaraq, alimlər nəyə görə bu planetin milyardlarla il əvvəl həyat üçün uyğun şəraitə malik ola biləcəyini hesab edirlər.
Cavab planetin atmosferində gizlidir. Əgər Venera bir vaxtlar yaşanılabilən bir dünya olubsa, planetdəki qazların tərkibində suyun strukturunda bu əksini tapmalıdır. Tereza Konstantinu bu barədə belə deyir:
"Venera atmosferinin balansda qalması üçün atmosferdən uzaqlaşdırılan kimyəvi maddələrin yenidən atmosferə qaytarılması lazımdır. Çünki planetin daxili və xarici hissələri bir-biri ilə daimi kimyəvi əlaqədədir".
Dünya kimi su ilə zəngin planetlərdə səth suyu dövriyyə sayəsində planetin daxilinə çatır və vulkanlarla birlikdə su buxarı şəklində yenidən səthə qaytarılır. Dünyada vulkanik qazların təxminən 80%-i su buxarından ibarətdir. Veneranın müşahidə edilən atmosferi və planetdəki qazların tərkibinə dair hesablamalar göstərir ki, vulkanik qazların cəmi 6%-ə qədəri su buxarından ibarətdir. Bu isə planetin daxili strukturunun da olduqca quraq olduğunu üzə çıxarır. Yəni Venera həmişə quraq bir planet olub.
2031-ci ildə NASA-nın göndərəcəyi yeni bir missiya bu nəticələri ya təsdiq, ya da təkzib edəcək. Kosmik agentliyin "DAVINCI" aparatı (dərin atmosferdə Veneranın nəcib qazlarının, kimyasının və görüntülənməsinin araşdırılması missiyasının baş hərfləri) Veneranın qalın buludlarına 1 metr diametrində bir titan kürə buraxacaq. Bu kürə bir saat ərzində qazları analiz edəcək, təcrübələr aparacaq, Veneranın dağlarını təsvir edəcək və planet haqqında biliklərimizi artıracaq.
Alimlər Veneranın atmosferində həyat əlaməti ola biləcək fosfin qazının izlərini aşkar ediblər. Bu isə, hər nə qədər nəzəri olsa da, Veneranın atmosferində mikrob səviyyəsində həyatın ola biləcəyi ehtimalını gündəmə gətirir. NASA-nın aparatı Venera atmosferinə daxil olana qədər planetin sirri qorunub saxlanacaq.