"Azərbaycan məktəbi" xalq maarifinin inkişafında  müstəsna yer tutub" - Ceyhun Bayramov  - FOTOLAR
    • 12-07-2019, 11:10
    • 1 271

"Azərbaycan məktəbi" xalq maarifinin inkişafında müstəsna yer tutub" - Ceyhun Bayramov - FOTOLAR

Bu gün “Azərbaycan məktəbi” jurnalının 95 illiyi münasibətilə yubiley tədbiri keçirilib.

News24.az-ın məlumatına görə, yubiley tədbirində Təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkilləri, AMEA-nın üzvləri, ali təhsil müəssisələrinin rəhbərləri, təhsil ekspertləri, müəllim-professor heyəti, media nümayəndələri və digər şəxslər iştirak ediblər.

Tədbirdən əvvəl iştirakçılar jurnalın 95 illik fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.

Tədbirdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib ki, “Azərbaycan məktəbi” jurnalı 95 illik fəaliyyəti dövründə ilk elmi-pedaqoji jurnal kimi ölkəmizdə xalq maarifinin inkişafında, pedaqoji və psixoloji elmlərin təşəkkülü və formalaşmasında müstəsna yer tutub.

Nazir ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə “Azərbaycan məktəbi” jurnalının inkişaf dövrünü xüsusi vurğulayıb.

Ceyhun Bayramov qeyd edib ki, “Azərbaycan məktəbi” jurnalı Azərbaycan müəllimlərinin peşəkar inkişafına, bilik və bacarıqlarının artırılmasına, yeni təlim texnologiyalarının təbliğinə böyük töhfələr verib. Nazir bu jurnalın əsasını qoyanların, onun inkişafına təkan vermiş insanların xatirəsini minnətdarlıqla yad edib. Nazir həmçinin, “Azərbaycan məktəbi”nin elmi jurnalların beynəlxalq standartlara uyğunlaşdırılması baxımından əsaslı şəkildə yeniləndiyini diqqətə çatdırıb. Jurnalın elektron arxivinin yaradılmasının xüsusi əhəmiyyətini qeyd edən Təhsil naziri bu mətbu orqanın kollektivini yubiley münasibətilə ürəkdən təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

“Azərbaycan məktəbi” jurnalının baş redaktoru Rahil Nəcəf jurnalın tarixi, qısa müddətdə görülən işlər barədə məlumat verib.
Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, uzun illər jurnalın baş redaktoru işləmiş, qabaqcıl təhsil işçisi Nəcəf Nəcəfov çıxış edərək “Azərbaycan məktəbi” jurnalının ölkəmizin təhsilində oynadığı mühüm rolundan danışıb, kollektivə uğurlar arzulayıblar.
5 minə yaxın

Tədbirdə “Azərbaycan məktəbi jurnalı – 95” adlı sənədli film nümayiş olunub.
Sonda jurnalın əməkdaşlarına səmərəli fəaliyyətlərinə görə Təhsil Nazirliyinin Fəxri fərmanı təqdim olunub.

Afaq Mirayiq