TƏCİLİ! Bu ölkələr Ermənistanı SAVAŞA HAZIRLAYIR
    • Bu gün, 11:46
    • 165

TƏCİLİ! Bu ölkələr Ermənistanı SAVAŞA HAZIRLAYIR

Ermənistan, Yunanıstan və Kipr (yunan Kipri-red.) arasında müdafiə məsələləri üzrə məsləhətləşmələr aparılıb, sonra üçtərəfli əməkdaşlıq sazişi imzalanıb. “Yeni Müsavat” bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyindən qeyd olunub. Bildirilib ki, dekabrın 19-da Afinada əvvəlcə Ermənistan və Yunanıstan arasında ikitərəfli, daha sonra isə Ermənistan, Yunanıstan və Kipr arasında üçtərəfli məsləhətləşmələr keçirilib. 

Ermənistan Müdafiə Nazirliyindən məsləhətləşmələrdə Müdafiə siyasəti və beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Levon Ayvazyanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Məsləhətləşmələr zamanı müdafiə sahəsində əməkdaşlıq sahəsində 2024-cü il üçün işlərin nəticələri və 2025-ci il üçün planlar müzakirə edilib. “Məsləhətləşmələrdən sonra Ermənistan-Yunanıstan ikitərəfli əməkdaşlıq və 2025-ci il üçün Ermənistan-Yunanıstan-Kipr üçtərəfli əməkdaşlıq proqramları imzalanıb ki, bu proqramlar silahlı qüvvələrin fəaliyyətinin müxtəlif sahələrində onlarla tədbiri əhatə edir”. 

Yunanıstan və Kipr Fransanın yedəyində gedən ölkələrdir. Hər iki Avropa Birliyi dövləti Yelisey sarayından verilən təlimatlar əsasında Ermənistanla müdafiə sahəsində əməkdaşlığı gücləndirirlər. Paşinyan administrasiyasından sülh sənədi ilə bağlı qulağa xoş gələn bəyanatlar eşidildiyi vaxtda, Fransa-Yunanıstan-Kipr Ermənistanı sürətlə silahlandırır, təhlükəsizlik sahəsində dəstəyi artırırlar. Məğlub və işğalçı ordu ilə bağlı “Marşal planı” işə salınması göstərir ki, Qərbin Cənubi Qafqazla bağlı planları səmimi deyil, sülhə xidmət etmir. Xüsusən də Avropa İttifaqının dominant dövləti olan Makron Fransası regionda eskalasiya risklərini artırmaq məqsədi ilə Ermənistanın silahlandırılmasını sürətləndirir. Bu addımlar isə kövrək sabitliyin gələcəkdə pozulmasına səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, Ermənistanda revanş əhval-ruhiyyəsi aradan qalxmayıb. Qərb ölkələrinin bu dəstəyi isə kiçik Qafqaz ölkəsini həvəsləndirir. Paşinyan erməni cəmiyyətinə və ordusuna nümayiş etdirir ki, Avropadan ciddi köməklik gəlməkdədir. Bu siyasət İrəvanın KTMT-dən de-fakto çıxması fonunda yürüdülür.

Erməni hərbi ekspert Hayk Nahapetyan deyib ki, Azərbaycanın malik olduğu hərbi personal yaş həddini aşağı saldıqdan sonra da Paşinyanın ordusunu asanlıqla məğlub etmək üçün kifayətdir. Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib ki, Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, bizimlə silah yarışında tab gətirməyəcək. Dövlət başçısı bildirib ki, Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Fransa bu məsələdə liderlik edir. İkinci yerdə Hindistan, üçüncü yerdə isə ABŞ-dır. Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmirlər, - hətta bir növ, yəqin ki, bizim acığımıza nümayişkaranə cəsarət göstərirlər, - ABŞ isə bunu etiraf etmir. Halbuki, biz Ermənistanın hava limanlarına enən və oraya silah daşıyan hərbi nəqliyyat təyyarələrini izləmişik".

Politoloq Zaur Məmmədovun sözlərinə görə, Fransa kimi dövlətlər bizə qarşı düşmən mövqedə duraraq hərbçilərimizin qarşısında hücum xarakterli ölümcül raketləri yerləşdirir, beləcə  yeni müharibəyə hazırlaşdıqlarını ortaya qoyurlar: “Məğlub olan dövlət 2024-cü ildə 2020-ci illə müqayisədə 80 faiz hərbi büdcəsini artırıbsa, deməli, İrəvan yeni müharibəyə hazırlaşır. Hazırda dünya təcrübəsində ölkələrin təhlükəsizliklə bağlı tədbirlərinə nəzər yetirsək, Azərbaycan diplomatik çağırışların nəticəsi olmazsa, güc yolu ilə öz dövlət müstəqilliyini qorumaq kimi imkanlara sahibdir. Bunu onlar unutmasınlar”. Z.Məmmədov belə olan təqdirdə, istisna etmir ki, 2025-ci ilin danışıqlar prosesində Azərbaycanın tələbləri siyahısında daha bir bölmə əlavə ediləcək: “Ən azından Göyçə gölündən şərti sərhədlərə qədər və Zəngəzurda 40 km-lik ərazidə bu dövlətin hücum xarakterli silahları yığışdırılmalıdır, demilitarizasiya həyata keçirilməlidir”.