Veteran polislər 2564 cinayətin açılmasını təmin edib
    • 16-07-2019, 13:54
    • 611

Veteran polislər 2564 cinayətin açılmasını təmin edib

Polis veteranları yeniyetmə və gənclər arasında antinarkotik  təbliğatın güclənməsi, dini radikalizmə qarşı mübarizə, azyaşlılar arasında erkən nigah və intihar hallarının qarşısının alınması məqsədilə ərazi polis orqanlarının rəhbərliyi və aidiyyatı xidmətlərin əməkdaşları ilə birgə müxtəlif təhsil müəssisələrində, DİN-in Polis Akademiyasında, eləcə də vətəndaşlarla görüşlər keçirərək hüquqi mövzularda maarifləndirmə işləri aparırlar.

Onların təcrübəsi və peşəkarlığı cinayətlərin açılmasında mühüm  rol oynayır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, ilin 6 ayı ərzində veteranların köməyi ilə respublika üzrə 2564 cinayətin açılması təmin edilib.  

Ötən müddət ərzində polis veteranları şəxsi heyətlə təlim-tərbiyə işinin aparılmasına, gənc əməkdaşların peşə vərdişlərinin artırılmasına, onlarda dövlətə və dövlətçiliyə, anda, xidməti vəzifə borcuna sədaqət hissinin formalaşdırılmasına yönəlmiş tədbirlərdə də fəal iştirak ediblər. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onların zərərli vərdişlərdən uzaq tutulması istiqamətində profilaktik xarakterli tədbirlərin həyata keçirilməsi də daim diqqətdə saxlanılıb.

Göstərilən dövr ərzində veteranlar 2772 dəfə respublikanın müxtəlif təhsil müssisələrində (orta məktəblərdə, liseylərdə, kolleclərdə və s.), həmçinin ayrı-ayrı kollektivlərdə vətəndaşlar qarşısında çıxış edib, tövsiyələrini veriblər.

Səmərəli fəaliyyətlərinə görə veteranlardan bir neçəsi DİN rəhbərliyi tərəfindən mükafatlandırılıb.