"Sevinc Abbasova günahının bağışlanması üçün heç bir cəhd etməyib" - ELİNANIN VALİDEYNLƏRİ - VİDEO
    • 16-07-2019, 13:57
    • 1 757

"Sevinc Abbasova günahının bağışlanması üçün heç bir cəhd etməyib" - ELİNANIN VALİDEYNLƏRİ - VİDEO

"Sevinc Abbasova bugünədək günahının bağışlanması üçün heç bir cəhd etməyib".

Bu gün 162 saylı məktəbdə intihar edən Elina Hacıyevanın anası Sevil Hüseynova, atası Ədalət Hacıyev 3 vəkillə mətbuat konfransı təşkil edib.

News24.az-ın xəbərinə görə, Sevil Hüseynova hələ də günahkarların cəzasız qalmasından gileylənib: "Məktəbin direktoru iki saat ərzində uşağı saxlaylb, heç olmasa həkimə apara bilərdi. Biz ekspertizanın rəyindən razı qalmamışıq".

Elinanın atası Ədalət Hacıyev isə bildirib ki, artıq 3 aydır keçib, amma günahkar hələ də bilinmir:"Nəyə görə həkimlər cəzalandırılmayıb, uşağın heç paltarları belə dəyişilməyib".

Vəkil Azər Nağıyev istintaqın düzgün istiqamətdə getmədiyini bildirib: "Sevinc Abbasovanın barəsindəki ev dustaqlığı imkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəzlənməsi üçün apelyasiya şikayəti vermişik. O bugünədək günahının bağışlanması üçün heç bir cəhd etməyib".

Tədbirdə vəkil Emin İsayev bildirib ki, istintaq davam etdiyinə görə istintaq sirri ilə bağlı ətraflı məlumat verə bilməz: "Qəbr üstünün dağıdılması ilə bağlı bizə heç bir məlumat verilmir. Ekspertizanın qərarı artıq verilib. İstintaq tam başa çatdıqdan sonra bütün bunlar açıqlanacaq. Amm istintaqın işi bizi qane etməsə, Avropa Məhkəməsinə qədər gedib çıxacağıq. Valideynlər də bilsinlər ki, bu işin sonuna qədər gedəcəyik".

Vəkil Sevinc Əliyeva işlə bağlı 4 vəsatət qaldırıldığını bildirib: "Valideynlər istədilər ki dünya şöhrətli ekspert ekspertiza keçirilən komissiyda iştirak etsin. Amma bizim qərar rədd edildi. Digər 3 vəsatətimiz də nə rədd edilib, nə də müsbət cavab verilib. Hələ ki istintaq sirri olduğuna görə, heç bir söz deyə bilmirik. Ekspertin komissiyada olmaması, səbəbindən həkimlərin səhvi ilə bağlı qərar da verilə bilmir.

Afaq Mirayiq
Video: Fərid Şabanov