XXI əsrin bəlası! Niyə depressiyaya düşürük?
    • 16-07-2019, 20:58
    • 861

XXI əsrin bəlası! Niyə depressiyaya düşürük?

Depressiya (latınca “deprimo” – “təzyiq göstərmək”, “əzmək” sözündən) insanın əmək qabiliyyətini kəskin şəkildə azaldan, həm xəstənin özünə, həm də onun yaxınlarına əziyyət verən ciddi xəstəlikdir. Depressiya zamanı insanın öz nəzərində dəyəri azalır, həyata və adi fəaliyyətə marağın itməsi müşahidə olunur. Dünyanın bütün ölkələrində aparılmış araşdırmalar göstərir ki, XXI əsrdə depressiya da ürək-damar xəstəlikləri kimi ən geniş yayılmış xəstəliyə çevrilir.

Bəs bu xəstəliyin ilk əlamətləri necə təzahür edir? depressiya barədə diaqnoz necə qoyulur? 
News24.az oxucuları üçün mövzunu araşdırdı:

Psixoloqlarların sözlərinə görə, depressiyanın xəbərdaredici ilkin simptomları sırasına yorğunluq, orqanizmin imkanlarının tükənməsi, enerjinin olmaması hisslərini, bütövlükdə əzgin əhval-ruhiyyəni, istirahətə ehtiyacın artmasını aid etmək olar. Eyni zamanda insanın özünə inamının azalması, öz imkanlarına şübhə etməsi, maraq və arzularının olmaması, yuxulaya bilməməsi və normal yatmaması, gündəlik vəzifələrinə sayğısız münasibət, diqqətin pozulması, seksual marağın azalması, qorxu və nevroz da bu xəstəliyin ilkin əlamətləridir.

Təəssüf ki, əhvalı pozulmuş insanların çoxu antidepressant preparatların nəzarətsiz qəbul edilməsi və ya alkoqollu içkilərin sui-istifadəsi şəklində təsəlli axtarırlar. Təcrübə göstərir ki, bu, yaranmış vəziyyətdən heç də yaxşı çıxış yolu deyil. Dünyanın aparıcı tibb universitetlərinin mütəxəssisləri tərəfindən aparılmış araşdırmaların nəticələri göstərir ki, real dünyada insanlarla ünsiyyətin aşağı səviyyədə olmasını sosial şəbəkələrin virtual reallığında ünsiyyət hesabına kompensasiya etmək cəhdləri depressiya yaranması ehtimalını qat-qat artırır.

Xəstəliyin gedişinə təsir edən amillər müxtəlifdir. Xəstənin özünün sağalma və xoşbəxt həyat sürmək arzusu onun vəziyyətinin yaxşılaşması üçün mühüm məqamdır. İnkişaf etməkdə olan depressiyanın tipinin müəyyən edilməsi üzrə diaqnostik tədbirlər təcrübəli mütəxəssis tərəfindən həyata keçirilməlidir. Nəzərə almaq lazımdır ki, qeyri-ənənəvi metodlarla müalicə çox vaxt dərman preparatları ilə ziddiyyət təşkil edir. Bu səbəbdən mütəxəssislə məsləhətləşmək çox vacibdir.

İnsanın depressiyadan və digər mənəvi problemlərdən xilas olması üçün böyük potensiala malik olan üsullardan biri də meditasiyadır. Alimlər sübut ediblər ki, meditasiya insan beynində onun hərəkətlərinə nəzarət və xoş emosiyalar üçün cavabdeh olan hissələrin fəallığını artırır.