-
- 30-09-2019, 22:33
- 1 102
Havaların soyuması ilə birlikdə depressiya da özünü göstərməyə başladı
Hər ilin yaz və payız mövsümlərində havaların isinməsi və soyuması ilə əlaqədar olaraq bəzi insanlarda depressiya baş verir. İnsan təbiətdən ayrı təsəvvür etmək mümkün deyil və onun ayrılmaz bir hissəsidir. Ona görə də təbiətdə baş verən hər hansı dəyişiklik ona təsirsiz ötüşmür.
News24.az xəbər verir ki, depressiya əhvali-ruhiyyədə mənfi istiqamətdə bəzi dəyişikliklərin baş verməsidir. Xroniki ürək-damar və tənəffüs sistemləri xəstəliyi olanlar həmin depressiyalara daha tez məruz qalırlar. Fəsil depressiyası diaqnozu o vaxt qoyulur ki, yorğunluq, həmişə yuxulu olmaq, qidalanmanın zəifləməsi kimi əlamətlər minimum iki-üç il dalbadal özünü büruzə verir. Fəsil depressiyaları yaranmasının əsas səbəbi günəş işığının çatışmazlığı hesab edilir. Depressiya orqanizmdə sutkalıq ritmlərdə dəyişikliklərin
yaranmasına, bir sıra hormonların, xüsusilə melatonin sintezinin pozulmasına səbəb olur.
Yuxu müddətinin uzanması, oyanmanın çətinləşməsi və səhər tezdən əzginlik, gün ərzində yuxulu olma, bəzən erkən oyanma və bir daha yata bilməmək, ümidsizlik hissləri, narahatlıq, həyat eşqinin azalması, müsbət emosiyaların yoxluğu, həyəcanlanma, daxili gərginlik, stressə qarşı dözümün azalması, iştahanın artması, qarında və oynaqlarda ağrı, iltihabi xəstəliklərə, soyuqdəyməyə qarşı müqavimətin azalması, dost-tanışlarla ünsiyyətdən qaçma fəsil depressiyasının əlamətləri hesab olunur. Məsələ burasındadır ki, həmin xəstələrdən eləsi var ki, fəsil dəyişikliyinə məruz qalarkən təzyiqin yüksəlməsini hiss etmirlər. Bu, xüsusilə təhlükəlidir. Ona görə də həmin xəstələr payızda havalar istiləşməmiş özləri həkimə müraciət edib yoxlanılmalı, baş verən dəyişiklərin orqanizmdə ağır fəsadlar verməməsi üçün qabaqlayıcı tədbirlər görməlidirlər.