Azərbaycan-İran hərbi əməkdaşlığı müzakirə olundu
    • 18-07-2019, 15:31
    • 1 137

Azərbaycan-İran hərbi əməkdaşlığı müzakirə olundu

İyulun 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə ilə görüşüb.

Nazirlikdən News24.az-a verilən məlumata görə, Müdafiə naziri Azərbaycan-İran münasibətlərinin inkişafında ölkə başçılarının görüşlərinin mühüm rol oynadığını qeyd edərək hərbi sahədə də əməkdaşlığın uğurla davam etdiyini vurğulayıb.

Nazir “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində ölkəmizin ərazi sularında təşkil olunacaq “Dəniz Kuboku-2019” müsabiqəsində Azərbaycan və İran hərbi dənizçilərinin birgə iştirakını Xəzər dənizinin təhlükəsizliyinin təmin edilməsinə töhfə kimi dəyərləndirib.

Diplomat isə öz növbəsində iki ölkə arasında hərbi sahədə əməkdaşlığın inkişaf etməsinin regional təhlükəsizliyin təmin olunmasında vacib amil olduğunu qeyd edib.

Tərəflər hərbi sahədə əməkdaşlığın genişləndirilməsi və hər iki ölkənin hərbi nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili barədə fikir mübadiləsi aparıblar.

Görüşdə Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti, hərbi-texniki, hərbi  təhsil və hərbi tibb sahələrində əlaqələrin inkişaf perspektivləri, eləcə də regional problemlər müzakirə olunub.