Yay aylarında Bakıda harada dincəlmək olar?
    • 18-07-2019, 20:36
    • 884

Yay aylarında Bakıda harada dincəlmək olar?

Yay mövsümündə ecazkar təbiət, mülayim dəniz və təmiz hava turistləri Azərbaycana cəlb edir. Onlar böyük məmnuniyyətlə Abşeron və Nabran çimərliklərinə gedir, qayıq, kater və teploxodda gəzintiyə çıxır, katamaran və su xizəyi sürürlər.

News24.az olaraq, paytaxt sakinləri və şəhərimizin qonaqları üçün harada istirahət etmək olar deyə araşdırma apardıq.

Azərbaycanda nümunəvi çimərliklər yaradılır

Azərbaycanın mülayim iqlimi çimərlik mövsümünün iyundan sentyabrın sonunadək davam etməsinə imkan yaradır. Ölkənin paytaxtı Bakı şəhəri Mərdəkan, Zuğulba, Bilgəh, Buzovna, Nardaran, Şıx, Novxanı, Pirşağı, Dübəndi və digər çoxsaylı kurort-çimərlik zonaları ilə əhatə olunub. Son illər bu yerlərdə müasir standartlara uyğun rahat otellər tikilib, özəl çimərliklər açılıb.

Parklar və qoruqlar sizin istirahətinizi daha mənalı edəcək

HəmçininBakının park və bağlarında gəzinti sizdə ən xoş təəssüratlar yarada bilər. Qədim Filarmoniya bağı, Zabitlər parkı, Molokan bağı və şəhərin mərkəzindəki digər bağlar gözəlliyi və abadlığı ilə seçilir. Dünya florasının müxtəlif növlərinin toplanıldığı Botanika bağı və Mərdəkan dendrarisi də maraqlı məkanlardır. Şəhərin mərkəzində müasir standartlara uyğun yenidən qurulmuş funikulyor da fəaliyyət göstərir.

Ekskursiya həvəskarları Bakı turu zamanı “İçərişəhər”, Şirvanşahlar Sarayı, “Qala” Arxeologiya-Etnoqrafiya Muzey Kompleksi, Qobustan Dövlət Tarix-Bədii Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu kimi tarixi-memarlıq abidələri və turizm obyektlərini, habelə şəhərin digər görməli yerlərini ziyarət zamanı maraqlı məlumatlar öyrənəcəklər.

“Qaragözlü qıza bənzər bizim Bakı gecələri”

Axşam vaxtı Bakı ən müasir filmlərdəki meqapolisə bənzəyir. Dənizkənarı Bulvar ölkəyə səfərinin məqsədindən asılı olmayaraq Azərbaycan paytaxtında gələnlər üçün ən cəlbedici məkandır. Möhtəşəm landşaft tərtibatı, kölgəli xiyabanlar, ləzzətli dondurma, çərəz və bütün qəlyanaltı növləri təklif edilən rahat kafelər, çayxanalar, yaxt-klub, uşaqlar və böyüklər üçün attraksionlar, “Park Bulvar” Ticarət-Əyləncə Mərkəzi Dənizkənarı Bulvarda yaxşı istirahət ab-havası yaradır. “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində istifadəyə verilmiş “Baku Crystal Hall” bərq vuran neon işıqları ilə Dənizkənarı Milli Parkın əsl bəzəyinə çevrilib.

Potensial turistlərin Azərbaycan paytaxtında qonaq qəbul edən ən müxtəlif kateqoriyalı otellərin xidmət göstərdiyini bilməsi maraqlı olar; dəbdəbəli otellər, habelə ecazkarlığı, qeyri-adiliyi, ailəvi olması və hətta romantikliyi ilə seçilən otellər, butik-otellər.

Bir sözlə, yay mövsümündə Azərbaycanın paytaxtı Bakıda da istirahət üçün münasib və sərfəli yerlər çoxdur və bu unudulmaz Bakı səyahətindən sonra bütün yorğunluğunuz keçmişdə qalacaq.