“Neftçi”dən rekord - 6:0
    • 18-07-2019, 23:09
    • 982

“Neftçi”dən rekord - 6:0

İyulun 18-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində keçirilən “Neftçi” – “Speranta” oyunu başa çatıb.
News24.az xəbər verir ki, “Bakcell Arena”da keçirilən “Neftçi”-“Speranta” cavab oyununda ilk qol on səkkizinci dəqiqədə vurulub. Paytaxt təmsilçisinin heyətində Vangelis Platellas qapıçının səhvindən sonra hesabı açıb – 1:0. Qarşılaşmanın 24-cü dəqiqəsində “Neftçi” komandası ikinci topu rəqibin qapısından keçirərək hesab arasındakı fərqi artırıb. Bu dəfə “Ağ-qaralar”ın heyətində Dario Frederikoya qarşı kobud oyuna görə təyin olunan 11 metrlik cərimə zərbəsini Emin Mahmudov dəqiq yerinə yetirib - 2:0.
Bundan dörd dəqiqə sonra qapıçımız Səlahət Ağayev rəqib futbolçunun zərbəsindən sonra topu küncə çıxarıb.
Oyunda daha bir qol 40-cı dəqiqədə vurulub. Vangelis Platellas özünün ikinci, komandasının üçüncü qoluna imza atıb. Bundan iki dəqiqə sonra Vangelis Platellasın gözəl ötürməsindən sonra Dario Frederiko uzaq küncü dəqiq nişan alaraq fərqlənib – 4:0. Birinci hissə elə bu hesabla bitib.
İkinci hissədə də “Neftçi” komandası yenidən hesabda fərqlənib. Görüşün 67-ci dəqiqəsində Stiven-Jozef Monroz komandasının beşinci qolunu vurub. Meydana 71-ci dəqiqədə daxil olan İsmayıl Zülfüqarlı cəmi 7 dəqiqə sonra fərqlənib. İ.Zülfüqarlı komanda yoldaşı Rəhman Hacıyevin ötürməsini dəqiq yerinə yetirərək görüşdə 6-cı qolu rəqibin qapısından keçirib. Beləliklə, “Neftçi” klubu doğma meydanda Moldovanın “Speranta” komandasını 6:0 hesabı ilə darmadağın edib.
Qeyd edək ki, Azərbaycanın Avropa Liqasındakı təmsilçisi rəqiblə səfərdə keçirilən ilk qarşılaşmadan sərfəli nəticə ilə qayıdıb. Kişineuda keçirilmiş ilk görüş Roberto Bordinin yetirmələrinin 3:0 hesablı üstünlüyü ilə başa çatıb.
“Ağ-qaralar” növbəti mərhələdə Avroliqanın debütantı Rusiyanın “Arsenal” (Tula) komandası ilə qarşılaşacaq.