Məhkəmə Elinanın valdeynlərinin şikayətini təmin etmədi - Qərar
    • 19-07-2019, 10:42
    • 2 791

Məhkəmə Elinanın valdeynlərinin şikayətini təmin etmədi - Qərar

Bakıda məktəblinin təhlükədə qoyma və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasova barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəmə qərarından verilən apelyasiya şikayətinə baxılıb.

Bakı Apelyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Elina Hacıyevanın valideynlərinin nümayəndələrinin verdikləri apelyasiya şikayəti təmin olunmayıb.
Belə ki, şikayətin verilmə müddəti keçdiyinə görə, məhkəmə belə qərar qəbul edib.

Qeyd edək ki, iyulun 11-də Səbail rayon Məhkəməsinin qərarı ilə istintaq orqanını təqdimatı təmin edilib. Sevinc Babayevanın barəsində olan ev dustaqlığı qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb.

Həmin qərardan narazı qalan Elina Hacıyevanın valideynlərinin nümayəndələri apellyasiya şikayəti veriblər. Onlar S.Abbasovanın barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyir.

Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə Bakı şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

İstintaq qrupu tərəfindən cinayət işi üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mütəxəssisləri cəlb edilməklə intensiv istintaq tədbirləri həyata keçirilir.

Belə ki, iş üzrə çoxsaylı şahidlər, o cümlədən Elina Hacıyevanın təhsil aldığı məktəbin vəzifəli şəxsləri, müəllimləri və sinif yoldaşları dindirilib, videomüşahidə kameralarına, mobil telefonlara, sənədlərə baxış keçirilib, mobil telefonlarla aparılan danışıqlara, yazışmalara dair məlumatlar əldə edilməklə təhlil olunub.

Elina Hacıyevaya tibbi yardım göstərilməsi məqsədilə təcili tibbi yardım xidmətinə vaxtında müraciət olunması, hadisə yerində və xəstəxanada lazımi tibbi yardımın göstərilməsi, müalicəsinin diaqnoza uyğun aparılması, xəstəxanaya gec çatdırılmasının ölümü ilə səbəbli əlaqəsinin olması və sair əhəmiyyət kəsb edən halların aydınlaşdırılması istiqamətində zəruri prosessual tədbirlər həyata keçirilir.

Hazırda cinayət işi üzrə bütün xüsusatlar tam və hərtərəfli araşdırılmaqla toplanmış mötəbər sübutlara əsasən təqsiri müəyyən olunacaq bütün şəxslərin əməllərinə hüquqi qiymət verilməsi təmin olunacaq./teleqraf.com/