-
- 20-07-2019, 00:18
- 18 621
Həftəsonu Bakıda harada piknik etmək olar? ARAŞDIRMA+ FOTOLAR
Təmiz havada dincəlmək və istirahət etmək istəyənlər üçün Bakıda xüsusi "piknik" yerləri mövcuddur. Bakının mərkəzinə yaxın, yaşıllıq olan ərazilər də var ki, buradan "piknik" məqsədilə istifadə etmək mümkündür. News24.az sizə həmin məkanları təqdim edir:
“Qobulənd”
Piknik həvəskarları üçün ilk məsləhətli ünvan, heç şubhəsiz, Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisində yerləşən “Qobulənd” istirahət mərkəzi olacaq. Ölkənin ilk piknik zonası ailəvi və qrup formasında istirahəti sevənlər üçün nəzərdə tutulub. İstirahət mərkəzinin ərazisində vətəndaşların öz istirahətlərini mənalı və yaddaqalan keçirməsi üçün bütün şərait yaradılıb. Məlumat üçün bildirək ki, burada otel, restoran, uşaq əyləncə meydançaları, göl, balıq tutmaq üçün şərait var. İstirahət zonasının fərqli xüsusiyyəti burada piknik zonasının yaradılmasıdır. Belə ki, mərkəzin qonaqları restoranın xidmətlərindən istifadə etmədən ərazidə öz məhsullarını bişirə və lazımi ləvazimatları icarəyə götürməklə otura bilər.
Bundan əlavə piknik zonasında müxtəlif əyləncə növlərindən istifadə etmək olar. Burada göldə katamaran, ərazidə velosiped sürmək, kartinq, qolf və elektrik avtomobilləri ilə gəzinti mümkündür. Piknik zonasındakı şeytan çarxı attraksionu, voleybol meydançası və tennis, bilyard stolları da turistlərin ixtiyarındadır.
“Dədə Qorqud” parkı
Bundan başqa, T.Bəhramov adına Respublika stadionun yaxınlığında yerləşən “Dədə Qorqud” parkı da ən çox üz tutulan məkanlardan biridir. 6 hektar ərazidə salınmış bu park paytaxtın ən böyük parklarındandır. Burada istirahət üçün hər cür şərait yaradılıb, yaşıllaşdırma işləri aparılıb, süni göl və şəlalə yaradılıb, müasir standartlara cavab verən işıqlandırma sistemi quraşdırılıb. Parka gəlsəniz katamaranları kirayə edərək göldə gəzə bilərsiniz. Bunun üçün iki körpü var. Bundan başqa, süni şəlalənin aşağı hissəsində, habelə xüsusi su bitkiləri üçün nəzərdə tutulan kiçik körfəzin üzərində gəzinti üçün körpü salınıb.
Heydər Əliyev Muzey-park kompleksi
Bakının ən gözəl parklarından biri olan Heydər Əliyev adına park şəhərin mərkəzində, Bakı Musiqi Akademiyasının yanında, Heydər Əliyev Sarayının qarşısında yerləşir. Park bütünlüklə yenidən qurulub və burada səkkizguşəli ulduz - Azərbaycanın milli rəmzi formasında üç yeni fəvvarə qurulub. Güllər və yaşıl qazon Hollandiyadan gətirilib. Bütün yay boyu çiçək açan maqnoliya ağacları parka xüsusi yaraşıq verir. Bir sözlə, müasir Bakının simvollarından biri hesab edilən, şəhərin ən müasir memarlıq tikilisi sayılan Heydər Əliyev Mərkəzinin ərazisindəki otun üzərində siz rahat şəkildə istirahət edə, kitab oxuya, piknik edə bilərsiniz.
Zirə Mədəniyyət Mərkəzinin və eko-parkı
Heydər Əliyev Fondunun yeni layihəsi olan Zirə Mədəniyyət Mərkəzi və Eko-Parkı Zirə qəsəbəsində Bakı-Pirallahı yolu üzərində inşa edilib. Yerli sakinlər, xüsusilə də gənclər üçün cəlbedici olan bu yerin ümumi sahəsi 6 min kvadratmetrdir. Xüsusi yaşıllıq zolaqları salınıb, dekorativ şam, kin-konq, şabalıd, mavi sərv, leylandra və leylandra koldreks, lisidium, sürünən küknar kolları və qızıl gül, qavra, lavanda, yaşıl taflan, çobanyastığı, qartopu, çin qızılgülü, ətirşah, payız gülü kimi bəzək gülləri, növbənöv sarmaşıqlar əkilib. Daş palıd zolağı və çinar zolağı xüsusilə seçilir. Parkda fəvvarələr qurulub, kiçik süni su hövzələri – gölməçələr yaradılıb. Parkda asudə vaxtın səmərəli keçirilməsi üçün istirahət zonaları yaradılıb, köşklər qurulub, skamyalar düzülüb. Xüsusi işıqlandırma sistemi yaradılıb.
Mərkəzi Nəbatat bağı
Gözəl mənzərəsi ilə tanınan Badamdarda salınmış Botanika bağı təmiz havası və sakitliyi ilə seçilir. Burda özünüzü şəhərdən kənarda hiss edə bilərsiniz. Bura piknik üçün ən uyğun məkanlardan biridir. Qeyd edək ki, 1934-cü ildə Bakının dağlıq hissəsində, Badamdarda salınıb. 41 ha ərazisi var. 6 yaşından böyük uşaqlar üçün 1 manat, böyüklər üçün isə giriş 2 manat təşkil edir.
Mərdəkan Dendrarisi
Mərdəkan dendrarisi bitki və ağac növlərinin ümumi miqdarına və yaş tərkibinə görə ən yaxşı dünya kolleksiyaları səviyyəsindədir. “Azərbaycanın Qırmızı Kitabı”na daxil olan 141 növ ağac növündən 69-u bu bağda yetişdirilir. Burada dünya florasından 380 qızılgül, 9 nərgiz, 25 zanbaq, 6 süsən, 15-dən çox Lalə növü və digər müxtəlif gül-bəzək kolleksiyaları da toplanıb. Burada bir çox hovuzlarla yanaşı 6 süni şəlalə də inşa edilib ki, bu da bağın ümumi kompozisiyasına xüsusi gözəllik verir. Abşeron nəbatat aləminin tacı hesab edilən və müxtəlif heyvan növlərinin də saxlanıldığı Mərdəkan dendrarisi bura gələnlərin, xüsusilə də uşaqların sevimli istirahət və əyləncə məkanıdır.
Böyükşor bulvarı və parkı
Bu ərazidə neftlə çirklənmiş torpaqlar təmizlənib. Burada idman və uşaq oyun meydançaları qurulub, ayrıca qaçış və velosiped zolaqları salınıb, minlərlə ağac və bəzək kolu əkilib. Gölün içində quraşdırılmış fəvvarələr kompleksi şəhərimizin qonaqlarının zövqünü oxşamaqla yanaşı, həm də gölün suyunun keyfiyyətinin yaxşılaşdırılması üçün onu oksigenlə zənginləşdirir.