Balığı ver balıqçıya -balıq ovu həvəskarları üçün münasib yerlər haradır?
    • 16-07-2019, 20:48
    • 2 878

Balığı ver balıqçıya -balıq ovu həvəskarları üçün münasib yerlər haradır?

Azərbaycanın tükənməz təbii sərvətləri, o cümlədən Xəzər dənizinin, çoxsaylı çayların, göllərin və su hövzələrinin bioloji ehtiyatları ilin bütün mövsümlərində balıq ovu həvəskarları üçün əlverişli şərait yaradır.

News24.az xəbər verir ki,  Xəzər dənizində Pirallahı adası, Neftçala, Lənkəran, Siyəzən, Xaçmaz (Nabran) bölgələrində dəniz akvatoriyası, Mingəçevirdə Kür çayının və su anbarının, həmçinin Şəmkir su anbarının ehtiyatları balıq ovu həvəskarları üçün əlverişli yerlərdir. Şamaxıdakı Sakit Göldə yerləşən özəl təsərrüfatlar da balıq tutmaq üçün münasibdir. Oğuzdakı Xal-Xal şəlaləsi xüsusi olaraq qeyd edilməlidir: bu ərazidə fəaliyyət göstərən “Forel” ailəvi istirahət bazasında bir neçə süni su hövzəsi və balıq tutmaq üçün hər cür şərait var. Həmçinin Mingəçevir şəhərinin mərkəzindəki körpüdə balıq tutmaqla yanaşı, Kür çayında da ayrıca balıq ovu etmək olar. Belə ki, çayın sahilində yerləşən “Riverside” otelində hər cür şərait var.

Məlumat üçün bildirək ki, balıq və digər su bioloji resurslarından istifadə qaydalarına müvafiq olaraq, ötən il ölkədə 194 hüquqi və fiziki şəxsə balıq ovu üçün verilmiş 1707,1 ton kvotaya qarşı 1614,1 ton balıq ovlanıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu rəqəm 2017-ci illə müqayisədə 67,3 faiz çoxdur

Məlumata görə, ovlanmış balıqların 1072,9 tonu kilkə, 112,4 tonu kütüm, 85,4 tonu kefal, 82,3 tonu siyənək, 69,4 tonu külmə, 54,7 tonu çapaq, 48,2 tonu çəki, 30,7 tonu dabanbalığı, 21,2 tonu sıf, 13,6 tonu şamayı, 5 tonu naxa, 3,1 tonu xəşəm, 15,2 tonu digər balıq növlərinin payına düşüb.

Ötən il balıqçılar tərəfindən kvota üçün 84,8 min manat ödənilib.