-
- 26-07-2019, 20:37
- 1 129
Sumqayıtda baş vermiş partlayışla bağlı - “Azəriqaz” açıqlama verib
“Azəriqaz” İstehsalat Birliyi Sumqayıtdakı mənzildə təbii qaz sızması nəticəsində baş vermiş partlayışla bağlı məlumat yayıb.
Birlikdən News24.az-a bildirilib ki, bu gün saat 17:00 radələrində Sumqayıt Qaz İstismarı İdarəsinin xidmət sahəsinə aid olan 1-ci mikrorayon, bina 128/34 ünvanında qaz sızması barədə məlumat daxil olub. Qəza Dispetçer Xidmətinin əməkdaşları – bir nəfər qaynaqçı və bir nəfər mühəndis həmin ünvana baş çəkiblər. Təhlükəsizlik qaydalarına əməl olunmaqla bina xaricindən qaz təchizatı dayandırılıb. Lakin 5-ci mərtəbədə yığılıb qalan qaz kütləsinin çıxış imkanları məhdud olduğundan kiçik partlayış qeydə alınıb. Partlayışa səbəb isə sakinlər tərəfindən pəncərələrin və dama çıxışda yerləşən pilləkən qəfəsinin olduqca kip şəkildə bağlanılmasıdır. Bu isə havalanmaya ciddi mane yaradıb, yuxarı – sonuncu mərtəbəyə yığılan qaz kütləsi binadan xaricə çıxmayıb. Hadisə zamanı “Azəriqaz” İstehsalat Birliyinin 2 əməkdaşı – qaynaqçı və mühəndis yüngül yanıq xəsarətləri alıb, onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri normaldır.