Özünü bıçaqlayan sürücü ilə bağlı DİN-dən - Böhtandır...
    • 29-07-2019, 15:38
    • 733

Özünü bıçaqlayan sürücü ilə bağlı DİN-dən - Böhtandır...

Özünə bıçaqla xəsarət yetirən Şəki sakini Akif Məsimovun iddiaları əsassızdır, böhtan xarakterlidir.

Bu barədə News24.az-a Şimal-qərb bürosuna DİN Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. 

Bildirilib ki, iyul ayının 10-da Şəki RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən 55-BC-281 dövlət qeydiyyat nişanlı “VAZ-2101” markalı avtomobilin sürücüsünə təhlükəsizlik kəmərindən istifadə etmədiyinə, standartlara cavab verməyən qaynaq üsulu ilə hazırlanmış əlavə yük yerinin quraşdırıldığına, eləcə də dövlət qeydiyyat nişanının yaxşı oxunmamasına görə “saxla” əmri verilib. YPX əməkdaşı avtomobilin sürücüsü Akif Məsimova təlimata uyğun olaraq , özünü təqdim edərək sürücünün törətdiyi qayda pozuntularını ona normal və sakit tərzdə izah edib. Sürücü A.Məsimov üzərində heç bir sənəd olmadığını bildirdikdə yol polisi əməkdaşı bort kompüter vasitəsilə onun sənədlərinin yoxlanılacağını və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunacağını bildirib. Əvvəllər də yol-nəqliyyat hadisəsi törətdiyinə görə məhkum olunmuş Akif Məsimov onun barəsində protokol tərtib olunacağını öyrəndikdə avtomobilinin yük yerindən şüşədəki benzini götürərək özünün və avtomobilin üzərinə tökməyə başlayıb. Yol polisi əməkdaşı həmin vaxt onun əlindəki yanacaq şüşəsini və alışqanı götürərək onu sakitləşdirməyə çalışıb. Lakin bir müddət sonra sürücü A.Məsimov qəfildən cibindən çıxardığı bıçaqla sol qarın nahiyyəsinə zərbə endirib. Yol polisi əməkdaşları tərəfindən o, təcili olaraq xəstəxanaya çatdırılıb. Vətəndaş A.Məsimov öz şikayətində həqiqətə uyğun olmayan ifadələr səsləndirsə də, ancaq YPX avtomobilində quraşdırılmış kameralarda qeydə alınan həmin görüntülər onun bu müraciətinin əsassız olduğunu sübut edir.
Qeyd olunan faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.