​Mingəçevirdə avtoxuliqan sürücülük hüququndan məhrum edildi
    • 19-07-2019, 12:41
    • 1 161

​Mingəçevirdə avtoxuliqan sürücülük hüququndan məhrum edildi

Mingəçevirdə avtoxuliqanlıq edən sürücü saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, Mingəçevir Şəhər  Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin  əməkdaşları  şəhər  ərazisində polisin qanuni “ saxla” əmrinə tabe olmayaraq, avtoxuliqanlıq edən və bununla da başqa hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradan sürücünü saxlayıb.

Belə ki,  “VAZ 2107” markalı 90-OF-116  dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə  avtomobildə olan konstruksiya dəyişikliyi ilə əlaqədar olaraq yol polisi əməkdaşları tərəfindən “saxla” əmri verilib. Ancaq sürücü bu əmrə tabe olmayaraq hərəkətə davam etdiyindən yol polisi sürücünü təqib etməyə başlayıb. Təqib zamanı dəfələrlə edilən çağırışlara baxmayaraq sürücü ictimai qaydanı və digər hərəkət iştirakçılarının da təhlükəsizliyini, yol hərəkəti qaydalarının  müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verərək avtoxuliqanlıq edib. DYPB-nin əməkdaşları bir müddət sonra həmin avtomobili saxlamağa nail olublar.  Sürücünün  Mingəçevir şəhər sakini   Murad Babayev olduğu müəyyən olunub.  Eyni zamanda avtomobilin üzərində ödənmədiyi cəriməyə görə  həbs olduğu da aşkar edilib.

Sürücü M. Babayev İnzibati Xətalar Məcəlləsinin  bir neçə maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək toplanmış material Mingəçevir Şəhər  Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 15  sutka inzibati qaydada həbs olunub və 1il müddətinə sürücülük hüququndan məhrum edilib.

Qeyd edək ki, M. Babayev əvvəllər də yol hərəkəti qaydalarını pozduğuna, avtoxuliqanlıq hərəkətləri etdiyinə görə yol polisi əməkdaşları tərəfindən barəsində dəfələrlə inzibati qaydada tədbirlər görülüb.