"İsti  günlərdə körpələrinizi BƏLƏMƏYİN" - VALİDEYNLƏRƏ XƏBƏRDARLIQ
    • 30-07-2019, 14:08
    • 1 311

"İsti günlərdə körpələrinizi BƏLƏMƏYİN" - VALİDEYNLƏRƏ XƏBƏRDARLIQ

"Analar uşaq bələnməsi zamanı bir sıra nöqsanlara yol verirlər. Yayın isti günlərində uşaqların qalın örtüklərə bükülməsi yolverilməzdir. Bu, hipertermiyaya (bədən temperatururnun yüksəlməsi) səbəb ola bilər".

Bunu News24.az-a pediatr Aytən İsmayılzadə açıqlamasında bildirib. Onun sözlərinə görə, evdə temperatur yüksəkdirsə, otaq havalandırılmırsa, uşaqda hərarət yüksələ bilər: "İsti havalarda bükülmək buxarlanmaya da gətirib çıxara bilər. Uşağın bədən mayesi azalır, bu zaman qanın qatılaşması artır, bioloji xüsusiyyətləri dəyişir və qan dövranı pozulur. Nəticədə uşaq ağlağan olur, özünü narahat hiss edir, süst olur. Əgər belə hal müşahidə edilirsə, bu zaman körpəyə çoxlu maye vermək lazımdır. Uşaqların bədən temperaturu hər zaman yuxarı olmağa meyillidir. Körpələrdə metobolizm böyüklərə nisbətən iki dəfə çox sürətlə gedir. Əgər böyük adam özünü uzunqol köynəkdə rahat hiss edirsə, körpə uşağı qısa qolda da saxlamaq olar. Çünki onun bədənində mübadilə sürətli getdiyinə görə, onda istilik daha çox ayrılır". 

A.İsmayılzadə onu da əlavə edib ki, uşaqların bələnməsi bir sıra fəsadlara səbəb ola bilər: "Bir çox hallarda uşaqları möhkəm parça ilə bələyirlər, bunun fəsadları ola bilər. Bud-çanaq oynağında çıxığa səbəb ola bilər. Sərbəst geyindirib nazik bir şeyə bükmək olar. Nəzərə almaq lazımdır ki, uşaqlarda soyuma da tez baş verir. Ona görə geyimi ətraf mühitə uyğun etmək lazımdır".

Pediatr qidalanma ilə bağlı vacib olan məqama da toxundu: "Doğum evində süni qida verilməməlidir. Təklif də edilməməlidir. Buna ciddi cəza tətbiq edilməlidir. Evə gəlib iki-üc ay keçən kimi evdə də verməməlidirlər. Uşaqlarımız ana südündən məhrum böyüyürlər. Buna ciddi yanaşılmalıdır".

Afaq Mirayiq