Pullar necə “çirklənir”? – “yuyulma” metodları
    • Dünən, 16:10
    • 325

Pullar necə “çirklənir”? – “yuyulma” metodları

Azərbaycanda vaxtaşarı qanunsuz yollarla əldə edilən vəsaitlərlə bağlı məsələlər gündəm olur. Bu konteksdə “çirkli pullar” termini diqqət çəkir. Mütəmadi olaraq bu istiqamətdə tədbirlərin görüldüyü bildirilir. Çünki belə pulların maliyyə dövriyyəsinə daxil edilməsi, yəni “yuyulması”, həm dövlətlər, həm də beynəlxalq təşkilatlar üçün ciddi təhlükələr yaradır. Pul yuyulması prosesləri iqtisadiyyatın şəffaflığına zərbə vurur və cinayət fəaliyyətlərinin davam etməsinə şərait yaradır.

“Çirkli pullar yuyulur” ifadəsi nə deməkdir? Bu prosedur necə həyata keçirilir?

Globalinfo.az bununla bağlı araşdırmanı təqdim edir.

Əvvəlcə qeyd edək ki, “çirkli pul” dedikdə qeyri-qanuni yolla əldə edilən gəlir nəzərdə tutulur. Bu terminin yaranma tarixi qədimdir. Belə ki, ilk dəfə 1973-cü ildə “Uoterqeyt qalmaqalı”ndan (ABŞ-da baş verən siyasi bir hadisədir və prezident Riçard Niksonun istefası ilə nəticələnib) sonra termin dünya leksikonuna daxil olub. Çirkli pulların yuyulmasını isə amerikalı qanqster Al Kapone reallaşdırıb. O, qeyri-leqal yolla qazandığı pulları çoxlu sayda camaşırxana açaraq “yuyub” və bu gəliri həmin camaşırxanalardan əldə olunmuş kimi göstərib.

“Çirkli pulların yuyulması” proseduru qanunsuz əldə edilmiş vəsaitlərin mənbəyini gizlətmək və onları qanuni gəlir kimi göstərmək məqsədi daşıyır. Bu proses əsasən üç mərhələdən ibarətdir.

İlkin mərhələdə qanunsuz pullar maliyyə sisteminə daxil edilir. Cinayətkarlar pulları birbaşa bank hesablarına yatırır, ya da onları kiçik məbləğlərə bölərək fərqli yerlərdə yerləşdirirlər.

Növbəti mərhələ pulların izini itirmək və onların mənşəyini gizlətmək üçün müxtəlif maliyyə əməliyyatlarının həyata keçirilməsidir. Vəsaiti fərqli ölkələrə köçürmək, investisiyalar etmək, ofşor hesablara yerləşdirmək kimi üsullarla pulun izi itirilir. Məsələn, cinayətkar qanunsuz pulları bir neçə ölkədə müxtəlif şirkət və ya daşınmaz əmlak alqı-satqısı ilə əlaqələndirərək köçürə bilər. Bu, pulların izlənməsini çətinləşdirir.

Nəhayət qanunsuz pullar iqtisadi dövriyyəyə daxil edilir və qanuni gəlir kimi göstərilir. Cinayətkar artıq bu pulları investisiya kimi istifadə edə, ya da böyük biznes sövdələşmələrində iştirak edə bilər.

Nümunə: Tutaq ki, bir şəxs n*rkotik ticarətindən 1 milyon dollar əldə edib. O, bu pulları bir neçə mərhələdə müxtəlif ölkələrdəki ofşor bank hesablarına yatırır. Sonra həmin pullarla başqa bir ölkədə bir restoran və ya otel alır. Bu yolla, həmin şəxs pulların mənbəyini gizlədir və onları qanuni gəlir kimi göstərir.

Hansı pullar “çirkli” hesab edilir?

Burada bir neçə kateqoriya var:

Cinayət fəaliyyəti – N*rkotik ticarəti, insan alveri, qaçaqmalçılıq, qumar və digər cinayət işləri nəticəsində qazanılan pullar “çirkli” hesab edilir.

Korrupsiya və rüşvət – Rəsmi vəzifəli şəxslərin rüşvət alaraq və ya gücündən sui-istifadə edərək qazandığı pullar “çirkli pul” sayılır.

Vergi qaçaqçılığı – Vergidən qaçmaq üçün qeyri-qanuni yollarla gizlədilən və ya göstərilməyən gəlirlər də “çirkli pul” kimi qəbul edilir.

Maliyyə dələduzluğu – Saxta investisiya sxemləri, piramida sxemləri və ya maliyyə fırıldaqları vasitəsilə insanları aldatmaqla qazanılan pullar da “çirkli” hesab edilir.

Qaçaqmalçılıq – Qanunsuz mal və ya xidmətlərin, xüsusən də silah, n*rkotik maddə və ya insan alveri ilə əlaqəli ticarətindən əldə olunan vəsaitlər “çirkli pul” sayılır.

Ekspertlərin fikrincə, Azərbaycanda qeyri-qanuni pulu leqallaşdırmaq istəyənlər daha çox tender elanı üsuluna əl atırlar. Bəzi şəxslər qalib kimi öz yaratdıqları şirkəti göstərirlər. Beləliklə həm dövlət büdcəsindən külli miqdarda maliyyəni mənimsəyir, həm də bu metodla “çirkli pul”u yuyaraq qanuni qazanca çevirirlər.