121 yaşlı AZƏRBAYCAN KİNOSU
    • 2-08-2019, 09:54
    • 1 050

121 yaşlı AZƏRBAYCAN KİNOSU

Bu gün Azərbaycan Kinosu Günüdür. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

News24.az xəbər verir ki, Azərbaycan kinematoqrafının tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s.) və "İlişdin" bədii kinosüjetdən ibarət olub.

1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılıb. 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başlayıb. Filmi çəkmək ücün Peterburqdan rejissor Boris Svetlov dəvət olunmdu. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilib. Filmdə Lütfəli bəy rolunu Hüseyn Ərəblinski oynayıb.
Ötən əsrin əvvəllərində "Pate", "Pirone", "Filma" kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar.

1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyni adlı povesti əsasında "Neft və milyonlar səltənətində", 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyni adlı operettası əsasında "Arşın mal alan" qısametrajlı bədii filmləri çəkilib. Hər iki filmin rejissoru Peterburqdan dəvət olunmuş Boris Svetlov, operatoru isə Qriqori Lemberq idi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici aləmlə diplomatik, mədəni -iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə və ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb. 1918-ci ildə onlar "Kinematoqrafiya və teatr qulluqçuları şurası"nda birləşiblər.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilmiş ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış "Qız qalası" bədii filmi olub.

1923-1926-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək "Azdövlətkino" "Azərkino", "Azərfilm" "Azdövlətkinosənaye", "Azərfilm" "Bakı kinostudiyası", "Azərbaycanfilm" adlandırılıb. 1960-cı ildən C.Cabbarlının adını daşıyır.

"Azərbaycanfilm"də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən "Arşın mal alan" (1945), "Şərikli çörək", "Ad günü", "Sevinc buxtası", "İstintaq", "Yaramaz" və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən "Ögey ana", "Uzaq sahillərdə", "Arşın mal alan" (1965), "Bizim Cəbiş müəllim", "Axırıncı aşırım", "Nəsimi", "Özgə vaxt", "Sarı gəlin", "Ovsunçu", "Buta", "Çölçü", "Nabat", "Axınla aşağı" və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.

Ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında" 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib.

2018-ci ildə Azərbaycan kinosunun 120 illiyinin qeyd olunması haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən ölkəmizin hər yerində silsilə tədbirlər keçirilib. Bu il 121-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.