Qiymətli kağızlar bazarında 8 faiz artım var
    • 3-08-2019, 15:13
    • 1 274

Qiymətli kağızlar bazarında 8 faiz artım var

2019-cu ilin birinci yarısında investisiya qiymətli kağızları bazarında ümumilikdə 8 176,3 mln. manat həcmində əməliyyat aparılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasından News24.az-a verilən məlumata görə, bazarın həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 8% artıb. Əməliyyatların 85%-i (6 957,5 mln. manat) ilkin bazarda, 15%-i (1 218,8 mln. manat) isə təkrar bazarda aparılıb. Cari ilin yanvar-iyun ayları ərzində qiymətli kağızlarla ilkin bazar əməliyyatları ötən ilin müvafiq dövrü ilə müqayisədə 7%, təkrar bazar əməliyyatları isə 11% artıb.

2019-ci ilin birinci yarısı ərzində real sektor təmsilçilərinin və maliyyə institutlarının fond bazarı vasitəsilə öz vəsaitlərini artırmaq təşəbbüsləri korporativ qiymətli kağızlar bazarının korporativ istiqrazlar seqmentində əməliyyatların həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə 74% (756 mln. manat) artmasına səbəb olub. Əlavə olaraq, korporativ istiqrazların ilkin bazarında bağlanan əqdlərin məbləği əvvəlki hesabat dövrü ilə müqayisədə 3,3 dəfə artaraq 470 mln. manata çatıb. Ümumilikdə, korporativ qiymətli kağızların ilkin bazarında 19% artım müşahidə olunub.

Hesabat dövründə dövlət qiymətli kağızları bazarında əqdlərin həcmi ötən illə müqayisədə 11% artaraq 6 656 mln. manat təşkil edib. Bunun 520 mln. manatını dövlət istiqrazları, 6 135,5 mln. manatını isə Mərkəzi Bankın notları təşkil edib. Dövr ərzində dövlət istiqrazlarının yerləşdirilməsi üzrə 17 hərrac, Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə isə 26 hərrac keçirilib və müvafiq olaraq, 325 mln. manat və 5 951 mln. manat məbləğində yerləşdirmə olub.



Hesabat dövründə qiymətli kağızlarla keçirilən repo əməliyyatlarının ümumi məbləği 437,8 mln. manat olub. Dövlət istiqrazları ilə repo əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə artım nümayiş etdirərək 266 mln. manat təşkil edib.
Qeyd: Ötən dövrlərin hesabatında əks olunmuş fərq müqavilələri ilə marja ticarəti əməliyyatları üzrə statistik məlumatlar bu hesabatlığa daxil edilməmişdir.
2019-cu ilin birinci yarısı üzrə investisiya qiymətli kağızları bazarının əsas göstəriciləri icmalgöstəricilərdə öz əksini tapıb.