"90  ölkənin ən güclü 4 şagirdi ilə rəqibik" - OLİMPİADA TƏMSİLÇİMİZ
    • 5-08-2019, 16:40
    • 758

"90 ölkənin ən güclü 4 şagirdi ilə rəqibik" - OLİMPİADA TƏMSİLÇİMİZ

"Bu, komanda yarışı deyil, individual müsabiqədir. Bir-birimizdən asılılığımız yoxdur, amma düşünürəm ki, rəqiblərim də yüksək nəticə göstərəcək potensialdadırlar".

Bu sözləri News24.az-a açıqlamasında ölkəmizi Beynəlxalq Informatika Olimpiadasında təmsil edən Abutalıb Namazov deyib.

O, Fizika Riyaziyyat Informatika Təmayüllü Respublika liseyinin X sinif şagirdidir. Artıq 3-cü dəfədir ki, Beynəlxalq Informatika Olimpiadasında iştirak edir: "Bu olimpiadaya ciddi hazırlaşmalısan ki, uğur qazana biləsən. Çünki burada dünyanın 90-a yaxın ölkəsinin ən güclü 4 şagirdi iştirak edir. Bu, hər yerdə qəbul olunmuş bir Informatika müsabiqəsidir. Ümid edirəm, bu il nəticəmiz yaxşı olacaq. Açığı, hədəfim gümüş medaldır. Halbuki keçən il medalı çox kiçik faizlə qaçırmışdım".

Olimpiada iştirakçısı onu da əlavə etdi ki, VII sinifdən olimpiadaya hazırlaşır: "Həmin il fənn olimpiadalarında iştirak etdim və I yerə layiq görüldüm. Hazırlığa oxuduğum məktəbdə olan olimpiada mərkəzində başlamışam. Onu da qeyd edim ki, Informatika Olimpiadasında uğur qazanmaq üçün ciddi əmək tələb olunur. Iştirakçı günlərini kompüter arxasında keçirməli olur. Bu, Riyaziyyat Olimpiadası deyil ki, qələm və vərəqlə kifayətlənəsən. Həm də beynin yorulması deməkdir".

Rəqiblərinin potensialına gəlincə isə, təmsilçimiz belə cavab verib:
"Bu, komanda yarışı deyil, individual müsabiqədir. Bir-birimizdən asılılığımız yoxdur, amma düşünürəm ki, rəqiblərim də yüksək nəticə göstərəcək potensialdadırlar".

İnformatika olimpiadasında iştirak edən İbrahim Tağızadə də News24.az təəssüratlarını bölüşür: " Müsabiqə ilə bağlı təəssüratlarım çox müsbətdir. Təşkilatçılıq yaxşı keçirilir. Hazırlıqlarımız və sınaqlarımız yaxşı keçdi. Düşünürəm ki, medal alma şansımız yüksəkdir. Əsas rəqib kimi Çini görürəm. Oradan çox ağıllı rəqiblər gəliblər. Çinlə yanaşı Rusiya da güclü rəqibdir. Eyni zamanda, Amerika və İran da güclü rəqibdir".

Qeyd edək ki, ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən Beynəlxalq İnformatika Olimpiadası Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilir.

Olimpiadanın rəsmi qlobal sponsoru qismində “Acer” şirkəti çıxış edir. Bundan başqa, yerli şirkətlər – ölkənin lider mobil operatoru “Azercell Telekom” tədbirin “İstedadların rəqəmsal sponsoru”, “PAŞA Bank” isə "İstedad sponsoru" kimi dəstək verir. İctimai Televiziya (İTV) Olimpiadanın baş media tərəfdaşıdır.

Afaq Mirayiq