
-
- 4-04-2025, 01:03
- 402
"Qarabağ"ın oyunçusu nikbin danışdı
“Düşünürəm ki, ümumilikdə biz rəqibdən daha yaxşı oynadıq. İlk hissədə pis deyildik. Fasilədən sonra daha üstün görünürdük”.
News24.az bildirir ki, qol.az-a açıqlamasında bu sözləri “Qarabağ”ın qapıçısı Fabian Buntiç Azərbaycan kubokunun yarımfinalında “Araz-Naxçıvan”a qarşı keçirilən ilk görüş barədə danışarkən deyib.
O, 0:1 hesablı məğlubiyyəti belə şərh edib: “Araz-Naxçıvan”ın müdafiə xəttini yarmaq mümkün olmadı. Buna görə də uduzduq. Cavab matçında daha yaxşı oynamalı və finala adlamalıyıq”.
Maraqlıdır ki, bu mövsüm ölkə çempionatında hər 3 görüşdə “Araz-Naxçıvan”ı üstələyən “Qarabağ” kubokda rəqibinə uduzdu. Xorvat əsilli almaniyalı qolkiper bunu hər oyunun fərqli olması ilə əlaqələndirib: “Bu, kubok görüşü idi. “Araz-Naxçıvan” bizə qarşı vuruşdu. Tam gücləri ilə mübarizə apardılar. İlk dəqiqələrdən çox çalışırdılar, istəkli idilər. Təbii ki, belədə işimiz daha da çətinləşdi”.
28 yaşlı qolkiper penalti epizodunu şərh etmək istəməyib: “Bu barədə heç nə deyə bilmərəm. Mən epizoda uzaq idim”.
F.Buntiç cavab görüşündən də söz açıb və nikbin danışıb: “Təbii ki, qalib gəlməyi, mərhələ adlamağı hədəfləyirik. Kuboku qazanmaq qarşımıza qoyulan hədəflərdən biridir. Ona görə də sona qədər mübarizəmizi davam etdirəcəyik. Cavab oyununda hər şey mümkündür. İnanıram ki, istəyimizə çatacağıq”.